Prezident: "Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzidir"

21 İyun 2017 00:14 (UTC+04:00)

Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, sülh, firavanlıq, yeni-yeni uğurlar arzulayıram.
 
Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev QMİ sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində çıxışında deyib.
 
Dövlət başçısı nitqində Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu, onun banisi olduğunu qeyd edib: “Onun hakimiyyətə gəlişi Azərbaycanı inkişaf yoluna çıxardı. Biz hamımız təəssüf hissi ilə qeyd edirik ki, Ulu Öndər müstəqilliyimizin ilk illərindən Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər olsaydı, o, xalqımızı, dövlətimizi böyük bəlalardan qoruya bilərdi. Heydər Əliyev ölkəmizin bütün istiqamətlər üzrə əsas inkişaf strategiyasını müəyyən edib, onu həyata keçirib. O cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsi işində Ulu Öndərin xüsusi rolu olub. Onu da qeyd etməliyəm ki, 1993-cü ilə qədər bütün sahələrdə olduğu kimi, dini məsələlər sahəsində də vahid siyasət yox idi. Bu boşluq əlbəttə ki, özündə çox böyük risklər saxlayırdı. 1993-cü ildən etibarən bütün istiqamətlər üzrə - xarici siyasət, daxili siyasət, iqtisadi, təhlükəsizlik məsələlərinin həlli, o cümlədən dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa başlayıb. Bu siyasətin əsas prinsipləri bu gün də bizim üçün aktualdır. Bugünkü Azərbaycan bu möhkəm təməl üzərində inkişaf edir və inkişaf edəcək”.
 
Prezident İlham Əliyev ənənəvi iftar məclislərinin din-dövlət münasibətlərinin tərkib hissəsi olduğunu bildirib: “Bu gün mən şeyx həzrətlərinin bu işlərdə xüsusi rolunu qeyd etmək istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında, həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir. Mən bilirəm ki, şeyx həzrətlərinə dünya dini liderlərinin böyük hörməti var. Şeyx həzrətləri öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir. “İslam Həmrəyliyi İli” çərçivəsində həm ölkə daxilində, həm xaricdə şeyx həzrətlərinin rəhbərliyi ilə bir çox tədbirlər keçirilib və keçiriləcək. Bu, bir daha Azərbaycanı dünyaya inkişaf edən, müasir və dinamik ölkə kimi təqdim edəcək”.
 
Dövlət başçısı QMİ sədri ilə şəxsi dostluq münasibətlərinin olduğunu bildirib: “Bu münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin. Dövlət xətti ilə təmir edilmiş və tikilmiş tarixi məscidlərimiz, dini abidələrimiz, eyni zamanda, kilsələr, sinaqoqlar artıq bunun bariz sübutudur. Din də dövlət işinə, siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır. Bununla bərabər dövlət və din bir yerdədir. Çünki bizim amalımız birdir. Biz istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclənsin, Azərbaycan xalqı daha da yaxşı yaşasın və dinamik inkişafımız uzunmüddətli və dayanıqlı olsun. Ona görə din-dövlət münasibətlərinin sağlam zəmində formalaşması bizim böyük sərvətimizdir. Yenə də deyirəm, bizim bu nümunəmiz hesab edirəm ki, bir sıra ölkələr üçün çox cəlbedicidir. Təsadüfi deyil ki, Azərbaycana gələn xarici qonaqlar, o cümlədən dini liderlər bizim təcrübəmizi öyrənirlər, maraqlanırlar və Azərbaycan reallıqları ilə tanış olarkən, əlbəttə, daim öz hörmətlərini ifadə edirlər”.
 
Prezidentin sözlərinə görə, Azərbaycan ilk müsəlman ölkələrindən biridir ki, Roma Papası bu ölkəyə səfər edib: “Səfər zamanı onun bəyanatları Azərbaycanda dinlərarası münasibətlərə verilən yüksək qiymətdir”.  
 
“Onu da qeyd etməliyəm ki, Roma Papası Heydər məscidində Azərbaycanda bütün ənənəvi dini icmaların rəhbərləri ilə də görüşüb. Bu görüşün də çox böyük rəmzi mənası var. Bu, yenə də dünyaya göndərilən növbəti bir mesaj idi ki, dinlərarası münasibətlər necə həll olunmalıdır. Azərbaycan ictimaiyyəti onu da yaxşı bilir ki, dini bayramlarda, mərasimlərdə bütün dini icmalar fəal iştirak edirlər. Yeni tikilmiş məscidlərdə və əsaslı təmir olunan tarixi məscidlərimizdə bütün konfessiyaların nümayəndələri nəinki iştirak edir, hətta çıxış edirlər. Hesab edirəm ki, bu da dünya miqyasında nadir bir təcrübədir və bu təcrübənin müəllifi Azərbaycandır”, - deyə Azərbaycan prezidenti qeyd edib.
 
Prezident qeyd edib ki, bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik, yeni dinamika, yeni yanaşma gətirir: “Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Mən buna misal olaraq bu il keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları – UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır”.
 
“Bizim təşəbbüsümüzlə 2008-ci ildə “Bakı prosesi” başlamışdır. Bu gün “Bakı prosesi” ən yüksək kürsülərdən hörmətlə qeyd edilir. Deyə bilərəm ki, “Bakı prosesi” dünya miqyasında aparıcı istiqamətdir. Dinlərarası münasibətlər bu proses çərçivəsində öz həllini tapır. Biz bu işlərə təqribən 10 il bundan əvvəl çox fəal başlamışıq. O vaxt hələ bu gün mövcud olan təhlükələr, risklər yox idi. Bu risklər son 5-6 il ərzində yarandı. Həm müsəlman aləmində, digər yerlərdə, Avropada narahatedici məqamlar əfsuslar olsun ki, kifayət qədər çoxdur. Amma biz bu məsələyə diqqət yetirəndə, bu təşəbbüsləri irəli sürəndə bu təhlükələrin böyük əksəriyyəti mövcud deyildi. Yəni, vaxtında atılmış addımlar hesab edirəm ki, dinlərarası münasibətlərdə, sivilizasiyalararası məsələlərdə öz müsbət rolunu oynayır. Bu gün Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi qeyd edilir və tanınır”, - deyə prezident qeyd edib.
 
Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub: “İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki, gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən prioritet məsələ olmalıdır”.