Axund və imamlara nikahla bağlı XÜSUSİ TAPŞIRIQ

21 İyun 2017 12:34 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yerlərdə çalışan axundlara, imamlara nikahla bağlı xüsusi tövsiyyə və tapşırığı var.

Movqe.az-ın məlumatına görə, bunu DQİDK-nin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, tövsiyyə və tapşırıq ondan ibarətdir ki, vətəndaşlar rəsmi nikaha girdikdən sonra əgər din xadiminə müraciət edərək həmin nikahı dini qaydalarla davam etdirmək istəyirsə, bu halda vətəndaşların rəsmi nikaha girməsi ilə bağlı dövlət tərəfindən verilmiş sənədi olmalıdır:

“Bu sənəd olmadan din xadiminin bu nikahı din adı altında təsdiq etməsi tam qanunsuzdur və belə hal olduqda əgər bu din xadimi rəsmi şəxsdirsə, o, dərhal işdən azad olunur, cəzalandırılır, əgər qeyri-rəsmi din ilə məşğul olan adamdırsa, o, hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilir”.

Komitə sədri bildirib ki, rəsmi fəaliyyət göstərən din xadimləri ilə din adı altında bu və ya digər işlər törədən şəxsləri eyniləşdirmək düzgün deyil:

“Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olmadan fəaliyyət göstərən hər hansı bir şəxsin törətdiyi əməllər Azərbaycanda din adına və dini təşkilatların, dini qurumların adına yazılmamalıdır. Yalnız QMİ tərəfindən təyinat almış və rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxsin dini ayinləri, dini mərasimləri həyata keçirmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinlər icra etməsi qanunsuzdur”.