Qarabağda yeni böyük savaş

22 İyun 2017 07:00 (UTC+04:00)

2016-cı ilin aprel döyüşlərindən sonra sülh danışıqlarının zəruriliyi barədə canlanmış təəssüratlar artıq münaqişənin arxivinə atılıb. Təcrübə göstərir ki, məsələnin danışıqlar yolu ilə həlli yalnız nəzəri cəhətdən mükün görünür. Dünya təcrübəsində belə bir konkret situasiyada danışıq yolu ilə həll variantı mövcud deyil. Düzdür, Azərbaycan bu yolu uzun  illərdir, səylə axtarır, təkliflər verir. Lakin fayda yoxdur ki, yoxdur. Bəs, nə etməli? Aydın məsələdir ki, zorla işğal edilmiş torpaqları zorla da geri qaytarmaq belə vəziyyətdə yeganə düzgün vasitə kimi meydana çıxır. Necə deyərlər, bu, taleyin hökmüdür. 

Nəzəriyyə öz yerində, amma cəbhədəki son vəziyyət də döyüşlərin başlaması ehtimalının son dərəcə yüksək olduğuna dəlalət edir. Hər gün atəşkəs rejimi 100 dəfədən çox pozulur. Düşmən təxribatlarının isə ardı-arası kəsilmir. Bir neçə gün əvvəl Azərbaycan mövqelərinə hücum edərkən 6 nəfər hərbçisini itirən ermənilər iki gün sonra daha bir kəşfiyyat qrupunu əməliyyata göndərib. Azərbaycan Ordusunun əsgərləri təxribatın qarşısını almaqla yanaşı, düşmənin bir kəşfiyyatçısını da ələ keçirib.   
Baş verənləri təhlil edən yerli və beynəlxalq ekspertlər, araşdırma mərkəzləri iddia edir ki, Qarabağda yeni böyük savaş gözlənilir və onun başlanılması an məsələləsidir.Xüsusən də Rusiya və ABŞ-dan gələn belə xəbərdarlıqların sayı artıb. Xarici və daxili siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk Vesti.az-a müsahibəsində “Bəs Azərbaycanla Ermənistan arasında ümidverici danışıqlar üçün zəmin varmı?” sualına cavabında deyib: “Zəmin həmişə var, nədən ki, tərəflərin davakar bəyanatlarına rəğmən, heç kim müharibə etmək istəmir – ilk növbədə də müharibənin nəticələrinin proqnoz edilə bilməməsi üzündən. 
Danışıqlar isə faktiki olaraq indi də davam edir, sadəcə, ona artıq heç kim inanmır. 
Odur ki, tərəflər əlverişli məqam gözləyir ki, rəqibə zərər yetirib onu susmağa vadar eləsin. 
Mən ekspert kimi konfliktlə bağlı məqbul tövsiyələr hazırlamaqdan ötrü bəzi yeni, təzə kanallar təklif eləmişdim. Ancaq məni heç kim eşitmədi. Mən incimirəm, amma bu, yaxşı əlamət deyil. Belə çıxır ki, heç kimə heç nə lazım deyil. Halbuki, problemlə bağlı bütün köhnə vasitələr – istər onları sonsuza kimi siyasi hesab elə, istəsə də diplomatik - artıq işləmir. Müharibə Qarabağın astanasındadır”. 
Britaniyalı tanınmış araşdırmaçı Tomas De Vaal isə açıqlamasında bildirib: “Aydındır ki, keçən il Qarabağın həlli üçün təhlükəli idi. Bu il isə təmas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər”. ABŞ-ın “Bloomberg” agentliyi isə bildirir ki, texniki cəhətdən Azərbaycan və Ermənistan müharibəyə hazırdır. Agentliyin fikrincə, hərbi əməliyyat meydanında Rusiyanın Ermənistana satdığı “İsgəndər” raketləri ilə Azərbaycanın İsraildən aldığı dronlar üz-üzə gələcək. Londonda yerləşən “Chatham House” İnstitutunun fikrincə, tərəflərin silah arsenalını artırması Qarabağda müharibə riskini artırır”.
Ekspertlərin təhlili ilə bugünkü vəziyyəti ümumilikdə götürdükdə, belə qənaət hasil olur ki, əslində, müharibə közərmiş haldadır, onun alovlanması üçünsə dəqiqələr sayılır.

N.NOVRUZ