Dünya üçün Azərbaycan nümunəsi

22 İyun 2017 08:00 (UTC+04:00)

ABŞ-ın Los-Anceles şəhərində İsrail konsulluğunda Etnik Anlaşma Fondu ilə birgə Ramazan ayına həsr olunmuş tədbir keçirilib. “Jewish Telegraph Agency” nəşri tədbir haqda geniş  məqalə  yazıb. Tədbirdə Fondun prezidenti, ravvin Mark Şnayer də iştirak edib.

Bir müddət əvvəl Bakıda səfərdə olarkən M.Şnayer Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə yeni təşəbbüs barədə ətraflı məlumat verib.  Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan “təkcə öz yəhudi və xristian icmalarının dini azadlıqlarını müdafiə etmir, həm də 2011-ci ildə təşəbbüsü verilmiş mədəniyyətlərarası dialoq forumu – “Bakı prosesi” vasitəsilə beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa imkan yaradır”. 
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Mədəniyyətlər arası dialoq üzrə IV Beynəlxalq Forumda dinlərarası dialoqa dair səsləndirdiyi təşəbbüs yəhudi dini və ictimai xadiminin sözü ilə desək, bu haqda danışmaq üçün yaxşı imkandır. ABŞ-da xristian və müsəlman icmalarının liderləri arasında dialoqu alqışlayan M.Şnayer qəbulda deyib: “İftara qonaq dəvət etmək – ümumi imanımızı və ümumi gələcəyimizi qeyd etmək üçün gözəl imkandır”. Din azadlığı ilə yanaşı, yəhudi və xristian icmalarının, eləcə də 2011-ci ildən Bakıda keçirilən Beynəlxalq forumlar sayəsində mədəniyyətlərarası və dinlərarası dialoqun dünya səviyyəsində aparılmasına vasitəçilik edən Azərbaycanın mövqeyi dünya çapında yüksək qiymətləndirilir.
Azərbaycan dünyaya etnik mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verən, xalqların mədəni sərvətlərinin qorunmasına və inkişafına əsaslanan demokratik cəmiyyət nümunəsi elliklə təqdir edilir. Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu bir məkanda yerləşən ölkəmiz İslam və Avropa sivilizasiyalarının dəyərlərini özündə birləşdirir. Mədəniyyətlərarası, dinlərarası dialoq və multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb. Azərbaycan dövləti müxtəlif dinlərə etiqad edən insanlar üçün əmin-amanlıq və xeyirxahlıq mühitinin yaradılmasına nail olub və bu prinsipləri milli qanunvericilik vasitəsilə dini etiqad azadlığı və dini tolerantlıq çərçivəsində qoruyub saxlayıb. 
Bakıdakı məclislərin iştirakçısı olan Çexiya Deputatlar Palatası sədrinin birinci müavini Radek Vondraçek qeyd edir ki, mədəniyyətlərarası dialoq, sivilizasiyalar arasında mədəni körpülərin qurulması terrorizmin, ksenofobiyanın yarandığı bu çağda yeni düşüncələr üçün mühüm əsas yaradır. Pakistan Milli Assambleyası sədrinin müavini Murtuza Abbasi fikrincə, mədəniyyətlərarası dialoq ölkələrdə demokratiyanın inkişafını gücləndirir. Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Zahidə Mənsura görə, qarşılıqlı ehtiram və dözümlülük dünyanı xilas edəcək vacib dəyərlərdir. ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondunun təsisçisi və prezidenti ravvin Mark Şnayer vurğulayır ki, Azərbaycan müsəlman aləmində bir modeldir və digər ölkələrə nümunədir: “Azərbaycan dinlərarası, mədəniyyətlərarası dialoqu özündə əks etdirən güclü bir dövlətdir. Müxtəlif dinlərə, mədəniyyətlərə məxsus insanlar burada dinc şəraitdə yaşayırlar. Azərbaycanda keçirilən Ümumdünya Mәdәniyyәtlәrarası Dialoq Forumu bütün dövlətlərlə yanaşı, Amerika üçün də bir nümunədir”.
Təsadüfi deyil ki, EAF-un və onun prezidenti, ABŞ-ın yəhudi icmasının tanınmış üzvlərindən olan ravvin Mark Şnayerin təşəbbüsü ilə indiyədək Nyu-York ştatında yerləşən, ABŞ yəhudi icmasının tanınmış və nüfuzlu mərkəzlərindən hesab olunan Həmpton Sinaqoqunda Azərbaycanda mədəniyyətlərarası dialoq və regional dinamikaya həsr edilən tədbir, Azərbaycanı dəstəkləmək məqsədilə Vaşinqtonda, ABŞ Konqresində bir sıra görüşlər keçirilib. 
Azərbaycanın tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət səviyyəsi baxımından region və bütün dünya üçün nümunə olması bu cür tədbirlərin prizmasından daha aydın görünür. Yəhudi və müsəlman icmalarının bir araya gələrək məhz Azərbaycanı dəstəkləmək üçün ABŞ qanunvericilərinə üz tutmaları tarixdə ilk dəfə baş verib. Bu, Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoqa verdiyi böyük töhfədir. Azərbaycanın bu bəşəri təşəbbüsü dünyada sülhün bərqərar olmasına kömək edəcək, antisemitizm və islamofobiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynayacaq. Çünki, bu, Azərbaycanın tarixi təcrübəsində artıq aksiomaya çevrilib.

N.NOVRUZ