Azərbaycan sənayesində mühüm dəyişiklik

22 İyun 2017 09:00 (UTC+04:00)

“Bu günə qədər biz iqtisadi sahədə təbii resurslara istinad edirdik. Azərbaycan bu günə qədər təbii resurslardan səmərəli istifadə edib. Amma eyni zamanda bundan sonra da iqtisadiyyatın inkişafında yeni bir mərhələ başlayır. Yəni digər resurslar var, bu da iqtisadiyyatın diversifikasiyası, tükənməyən resurslara əsaslanaraq iqtisadiyyatın, iqtisadi inkişafın yeni mərhələsi deməkdir. Bu iş adamlarınnın məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir”. Sumqayıtda sahibkarlarla görüşdə səslənmiş bu fikirləri baş nazirin müavini Əli Əhmədov  deyib. O qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyatının sürətli inkişafı göz qarşısındadır. Son 12 il ərzində iqtisadiyyatın 3.5 dəfə artması qürur duyulan bir haldır.

Azərbaycanın iqtisadi inkişafının sürəti yerli, regional və beynəlxalq səviyyədə təsdiq edilmiş faktdır. Müstəqillik qazandıqdan sonra qısa müddətdə yoxsulluğun aradan qaldırılması, yeni iqtisadi münasibətlərin bərqərar olması, sənayedə qabaqcıl texnologiyaların uğurla tətbiqinin təmini ölkənin inkişaf etmiş dövlətlərlə ayaqlaşmasına imkan verib. Ötən müddətdə əhalinin ümumi sayında yoxsul təbəqənin 50 faizdən 5 faizə enməsi, əmək haqqı və pensiya müavinətlərinin 3 dəfə artmasının kökündə Azərbaycanın nail olduğu iqtisadi tərəqqi dayanır. 
Lakin həyat inkişaf etdikcə, irəlilədikcə qarşıda yeni hüdudlar açılır və işin istiqaməti və mahiyyəti yeni çalarlar kəsb edir. Bu gün Azərbaycanın iqtisadfiyyatında köklü dəyişikliklər baş verir. Hökumətin həyata keçirdiyi islahatlar yeni istiqamətlər müəyyənləşdirir. Ölkədə yaradılmış qanunvericilik bazası və insan kapitalı dünya iqtisadi arenasında baş verən böhranlara rəğmən yeni istehsal proseslərinin mənimsənilməsinə imkan verir. Bu istiqamətdə neftin qiymətlərinin aşağı düşməsi daha ciddi dəyişikliklərə rəvac verir. Yəni, ölkə iqtisadiyyatı bir neçə il əvvələ qədər xam neftin ixracı yolu ilə qazanılan valyuta hesabına iqtisadi siyasətini müəyyənləşdirirdi. Lakin qarşıya çıxmış problemlər göstərdi ki, xammal tükənən resursdur və əbədi deyil. Buna görə Prezident İlham Əliyev iqtisadi siyasətdə cəsarətlə dönüş edərək dünya standarlarına uyğun məhsullar istehsal edən sənaye və istehsal sahələrinin yaradılmasına rəvac verdi. 
Cəmi 2-3 il ərzində ölkənin müxtrəlif regionlarında texnoloji parklar, sənaye məhəllələri yaradıldı. Xaricdən yüksək texnoloji avadanlıqlar alındı. Sahibkarlığın inlişafına dövlət xüsusi dəstək göstərərək əhalinin məşğulluğunun genişləndirilməsinə və dərinləşdirilməsinə nail olundu. Dünya iqtisadi böhranı şəraitində bütün bu işlər o qədər sürət və keyfiyyətlə həyata keçirildi ki, böhranın doğurduğu mənfi tendensiyalar o qədər də ciddi fəsadlara səbəb ola bilmədi. Çünki, neft dövründə aparılmış məqsədyönlü siyasət bu islahatlara əsas yaratmışdı. Yəni, neftin qiymətindən asılı olmayaraq, bu işlər həyata keçiriləcəkdi. Sadəcə baş verən hadisələr bu işi sürətləndirdi. Və əvvəlcədən düşünülmüş siyasət prosesin uğurunu təmin etdi. 
İndi ölkəmiz “Azərbaycan brendi” ilə məhsul buraxılışını qaydaya salıb. Konveyer üsulu ilə bu keyfiyyət tədricən bütün istehsal edilən məhsullara şamil olunacaq və ixrac potensialı iqtisadiyyatın bütün sahələrində təmin ediləcək. Artıq qeyri-neft sektoru əsas artım funksiyasını yerinə yetirir. Bu həm sənayedə, həm də kənd təsərrüfatında özünü amıq biruzə verir. Kənd təsərrüfatı sahəsində fermerlərin fəaliyyəti də bu işdə əhəmiyyətli paya malikdir. Məsələn, ölkədə baramaçılığın inkişafı üçün güzəştli şərtlərin və təşviq prosesinin nəticəsində cəmi bir il ərzində məhsul istehsalı azı 5-6 dəfə artıb. Bu günlərdə sahibkarlar baramaçılıqdan qazandıqları gəlirləri barədə razılıqla bəyanatlar səsləndirirlər. Həmin məhsulun əsasında istehsal olunacaq ipək parçalar isə toxuculuq sənayesinin hazır məhsul üzrə ixrac imkanlarını artıracaq. Bununla da Azərbaycan iqtisadiyyatının ixracatla xarakterizə olunan yeni mərhələsi barədə ürəklə danışmaq olar.
N.NOVRUZ