“Bu şər və böhtandan başqa bir şey deyil” - Məleykə Əsədova

21 İyun 2017 16:49 (UTC+04:00)

Xalq artisti Məleykə Əsədova Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun ona mənzil hədiyyə etməsiylə bağlı açıqlamasına münasibət bildirib.

Movqe.az  xəbər verir ki, "Ölkə.Az"-a danışan Əsədova Bəşirovun dediklərini təkzib edib: "Aydın Bəşirov heç zaman mənə mənzil hədiyyə etməyib. Ümumiyyətlə, kimsə deyə bilməz ki, Məleykəyə mənzil hədiyyə etmişəm. 16 yaşımdan işləyirəm və nə etmişəmsə zəhmətimin hesabına olub. Həmin mənzillərdə iki ailə yaşayırdı. O zaman belə mənzillər mövcud idi. Birində mən, digərində isə rus qadın yaşayırdı. Sonra rus qadın vəfat etdi. Müəllimin Lütfi Məmmədbəyovun xahişi ilə 11 kvadratmetrdən ibarət mənzil mənim mənzilimə birləşdirildi. "Kaspar" yox, başqa qurum da olsa, o xahiş olunacaqdı. Çünki o zaman mənim yaradıcı insan olmağım nəzərə alınmışdı".

M.Əsədova dövlət tədbirlərində iştirakı barədə də danışıb: "O ki qaldı dövlət tədbirlərinə, indiyədək xeyli sayda tədbirlərdə iştirak etmişəm. Onların sayı bəlkə də yüzlərlədir. Amma heç vaxt yaxt klubda tədbirdə olmamışam. Bu deyilənlər şər və böhtandan başqa bir şey deyil".

Qeyd edək ki, A.Bəşirov Məleykə Əsədovaya mənzil hədiyyə etdiyini bildirmişdi: “Məleykə xanım tez-tez bizim tədbirlərdə iştirak edib, şeirlər, mahnılar söyləyib. Onun sənətinin vurğunuyam. Mən vaxtilə Məleykə xanıma bir ev də bağışlamışam. İki otaqlı ev idi, birində erməni, birində isə Məleykə xanım yaşayırdı. Mən o evi Məleykə Əsədovaya hədiyyə vermişdim. Bəzi adamlar kimi pulla verməmişəm. Mənim Məleykə Əsədovanın sırf sənətindən xoşum gəlirdi. O bizim dostumuzdur. Onun səlis şeir demək qabiliyyəti var. Onun şeir deməsindən çox xoşum gəlir. Bir dəfə mənə dedilər ki, ona sponsorluq edim, ancaq mən buna razı olmadım. Sadəcə olaraq Məleykə Əsədovaya sırf sənətinə görə pərəstiş edirdim”.