İşğal altındakı ərazilərdən dünyaya yayılan “ağ ölüm”

22 İyun 2017 09:50 (UTC+04:00)

“Siyasi-iqtisadi çöküşə uğrayan Ermənistan hakimiyyəti ölkənin iqtisadi vəziyyətini düzəltmək üçün narkoticarəti genişləndirir, həmçinin, terrorçulara verilən dəstəkdən əldə etdiyi pullara bel bağlayır”.  Bu barədə Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib. 

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən narkotik plantasiyası olaraq istifadə edir: “Ermənistan tərəfindən işğal edilən Qarabağ bütün dünya üçün ciddi bir təhlükə bölgəsinə çevrilib. Çünki bu gün nəzarətsiz olan Qarabağ terror qruplarının təlim düşərgəsi və ticarət məkanı rolunu oynayır. Qarabağdan bütün dünyaya “ağ ölüm” təhlükəsinin yayıldığı həqiqəti inkar edilə bilməz. Bütün dünya yaxın zamanda Ermənistanın narkotik ixracatçısı olduğunu qəbul edəcək. Ermənistan bölgədə terrorçu, cinayətkar, narkotik və silah ticarəti həyata keçirən ölkə olaraq fəaliyyət göstərir”. Bəs nədən dünya dövlətləri, o cümlədən həmsədrlər Ermənistanın bu qorxunc siyasətinə qarşı lazımi tədbirlər görmür? Nədən bu problemin genişlənməsinə şərarit yaranır? 
Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, Ermənistanın terrorçu, narkotik və silah ticarətilə məşğul olan ölkə olmasına baxmayaraq, görünür, dünya dövlətlərinin özləri prosesin məhz bu cür olmasında maraqlı olduqlarından İrəvana “gözün üstə qaşın var” demirlər. Ya da onlar işğalçı ölkədən vasitəçi kimi “yararlanırlar”: “Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi rəhbərinin dediklərini tamamilə bölüşürəm. Ermənistan beynəlxalq hüquq normaları və sivil dövlət standartlarına cavab verməyən bir dövlətdir. Bu dövlətin yaranmasında başqa dövlətin torpaqlarına iddia, quldur qanunlarına söykənən əhval-ruhiyyəyə uyğun dövlət maşınının qurulması, ən əsası isə regionu və dünyanı daim gərginlikdə saxlamaq prinsipləri əsas götürülüb. 
Təəssüf ki, bu gün Ermənistan haqqında dünyanın müəyyən hissəsində qeyri-obyektiv bir fikir formalaşıb. Ya onlar Ermənistanın məhz belə olmasında, terrorçu, cinayətkar, narkotik və silah ticarəti həyata keçirən ölkə olaraq fəaliyyət göstərməsində maraqlıdırlar. Ya da işğalçı ölkədən vasitəçi kimi istifadə etməyə çalışırlar. İstənilən halda, Ermənistanın əsl qiyməti bütün dünya tərəfindən hələ ki, verilməyib. Minsk qrupu həmsədrləri 25 ildir fəaliyyət göstərmələrinə baxmayaraq, hələ də Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq hüquq normalarına uyğun qiymət verməyə də tələsmirlər. Bu da əlbəttə ki, Azərbaycan cəmiyyəti və ədaləti əsas götürən dünya ictimaiyyətini razı sala bilməz. Bununla belə, dünyada ikili standartın olmasına, bir sıra hallarda işğalçı Ermənistana qayğı göstərilməsinə baxmayaraq, ədalət tərəfdarları daima öz mübarizələrini aparacaq və İrəvanın ilk növbədə cavab verməsinə  çalışacaqlar”. 
Rüfət NADİROĞLU