“Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib

21 İyun 2017 17:46 (UTC+04:00)

İyunun 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında “Molla Pənah Vaqif və folklor” mövzusunda elmi konfrans keçirilib.

Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən elmi konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli giriş sözü ilə açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən akademik İsa Həbibbəyli təsdiq edilmiş tədbirlər planına əsasən görülən işlərdən ətraflı bəhs edib. Akademik İsa Həbibbəyli qeyd edib ki,Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla nəşr edilmiş və yubileyləri keçirilmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 300 illik yubileyi ilə əlaqədar Molla Pənah Vaqifin adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edildiyini xatırladan akademik İsa Həbibbəyli həmçinin bu ilin TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif ili” elan olunduğunu mühüm əhəmiyyətə malik ədəbi-tarixi hadisə kimi səciyyələndirib.

AMEA-nın ayrı-ayrı elmi-tədqiqat müəssisələrində Molla Pənah Vaqifin yubileyi ilə bağlı elmi konfrans və sessiyaların keçirildiyini, qarşıda yekun tədbirin nəzərdə tutulduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli şairin yaradıcılığını klassik ənənə ilə yeni dövr ədəbiyyatı arasında mərhələ olduğunu xüsusi vurğulayıb. Molla Pənah Vaqifi öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi səciyyələndirən akademik İsa Həbibbəyli bildirib ki, şair

dəyərini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri yaratmaqla milli ədəbiyyatın yeni istiqamətdə inkişafına əsaslı təsir göstərib.

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək Molla Pənah Vaqifin həyat və yaradıcılığının əsas xüsusiyyətlərindən söz açıb, böyük şairin zəngin ədəbi irsində şifahi xalq düşüncəsinin, folklorun rolundan danışıb.

Plenar iclasda AMEA-nın müxbir üzvü Kamran Əliyev “Molla Pənah Vaqif realizmi və folklor”, professor Nailə Rəhimbəyli “Molla Pənah Vaqif yaradıcılığı və xalq musiqisi” və filologiya üzrə elmlər doktoru İslam Sadıq “Molla Pənah Vaqif irsi və XIX əsr Azərbaycan aşıq şeiri” mövzusunda məruzə ilə çıxış ediblər.

Müzakirələr bölmə iclaslarında davam etdirilib.

Tədbirdə elmi ictimaiyyətin nümayəndələri, tədqiqatçı alimlər, media əməkdaşları iştirak ediblər.