Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyası istiqamətində yeni fəaliyyətlərə rəvac verilir

22 İyun 2017 11:55 (UTC+04:00)

“Həyat” Humanitar Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsinin icrasına başlamışdır. “Həyat” Humanitar Dəstək İctimai Birliyindən movqe.az-a verilən məlumata görə, layihənin məqsədi miqrant kateqoriyasına aid edilən qrupun həssas üzvlərinin, o cümlədən xaricdən qaytarılan və könüllü qayıdanların (repatriantların), əməkçi miqrantların, qaçqın və sığınacaq axtaran şəxslərin Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiyasını sürətləndirmək və gücləndirməkdən ibarətdir. 

Cari ilin iyun-noyabr aylarında qiymətləndirmə, məlumatlandırma, perspektiv istiqamətlərin konturlarının müəyyən olunması istiqamətində müzakirələrin aparılması və digər müstəvilərdə  icra olunacaq layihə çərçivəsində hədəf miqrant qrupları ilə bağlı aşağıdakı fəaliyyətlər həyata keçiriləcək: miqrantların üzləşdikləri problemlərin təbiəti, xarakteri və miqyası müəyyən ediləcək və qiymətləndiriləcək; miqrantları maraqlandıran müddəaları əks etdirən 5 sahə (tibbi, hüquqi, mədəni, sosial və məşğulluq) üzrə bukletlər tərtib olunacaq və paylanacaq; miqrantların Azərbaycan cəmiyyətinə səmərəli şəkildə inteqrasiyasını təmin edəcək yanaşmanın metodoloji və nəzəri-konseptual əsasları işlənib hazırlanacaq; miqrant kateqoriyasına aid edilən şəxslər onları maraqlandıran miqrasiya məsələləri ilə bağlı zəruri məlumatlarla təmin olunacaq; miqrant icmalarında ictimai agahlıq kampaniyaları aparılacaq, görüşlər və müzakirələr təşkil ediləcək. Layihə çərçivəsində müvafiq icra qurumları, miqrantlardan ibarət fokus qruplarla çoxsaylı görüşlər və müzakirələr aparılacaq.

Layihənin ünvanlandığı əhali qrupu miqrant kateqoriyasına aid həssas qrupların üzvləridir. Readmissiya sazişi çərçivəsindən Avropa İttifaqı (Aİ) ölkələrindən qaytarılan şəxslər, müxtəlif beynəlxalq təşkilatların və özünün xətti ilə könüllü qayıdanlar, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantlar, xarici ölkələrdən gəlmiş və Azərbaycanda məskunlaşmış əcnəbi qaçqınlar və sığınacaq axtaran şəxslər, ölkə ərazisində miqrant qismində yaşayan insanlar layihədən birbaşa faydalanan şəxslərdir. Gözlənilir ki, iki min miqrant layihədən birbaşa faydalanacaq. Bununla yanaşı layihənin icrasından həm də minlərlə miqrant və onların ailə üzvləri də yararlanacaq ki, bunlar da layihədən dolayısı yolla faydalanan şəxslər qrupuna aiddir.