Vağzalda əlavə qoşulan vaqonlara biletlərin satışına başlanacaq-Açıqlama

22 İyun 2017 15:47 (UTC+04:00)

"Bayram günləri ərəfəsində artan sərnişin sıxlığını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Movqe.az-a açıqlamasında  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin  İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. S. Qədirova bildirib ki,  sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: " Ramazan bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir".

Zülfiyyə QULUYEVA