Bakı Mühəndislik Universiteti ilk məzunlarını yola salıb

22 İyun 2017 16:31 (UTC+04:00)

Bakı Mühəndislik Universiteti ilk məzunlarını yola salır. Movqe.az-ın məlumatına görə, bu münasibətlə universitetdə “Məzun Günü” keçirilib.Məzuniyyət tədbirində millət vəkilləri, Abşeron İcra Hakimiyyətinin, Azərbaycan Tələbə-Gənclər təşkilatları ittifaqının, iş dünyasının  nümayəndələri, valideynlər və sənət adamları iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək qonaqları salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib. Rektor qeyd edib ki, möhtərəm prezidentimiz İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkəmizdə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bakı Mühəndislik Universitetinin tarixində əlamətdar bir gündür. Çünki ilk məzunlarımızı cəmiyyətə təqdim edirik. Hal-hazırda universitetdə 3818 tələbə bakalavr, 495 tələbə magistr, 57 tələbə isə dissertant və doktorant pilləsində təhsil alır. Bunlardan 951 tələbə 600 baldan çox, 268 tələbə 650-dən çox, 6 tələbə isə 700 bal toplayıb. Universitetdə 55 tələbə “Prezident təqaüdü”, 97 tələbə isə “Gələcəyin müəllimi” təqaüdü alır. Bu gün universitetin İqtisadiyyat və İdarəetmə, Mühəndislik və Pedoqoji fakültəsindən 660 tələbə bakalavr pilləsindən, 170tələbə isə magistr pilləsindən olmaqla ümumilikdə 830 nəfər  məzun  həyata qədəm qoyur. Əminliklə deyə bilərəmki, məzunlarımız layiqli əməlləri ilə universitetimizin fəxrinə çevriləcəklər.

    Millət vəkili Fuad Muradov universitet kollektivini, məzunları və onların valideynlərini Milli Məclisin Gənclər və İdman komitəsi adından təbrik edib. Ölkəmizdə gənclərə yaradılmış imkanlardan danışan millət vəkili məzunlara müstəqilliyimizin qorunmasında və möhkəmlənməsində bilik və bacarıqları ilə möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmələrini tövsiyə edib, gələcək həyatlarında uğurlar arzulayıb.
  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov çıxışına təbriklə başlayıb. Qeyd edib ki, BMU məzunları ölkəmizin inkişafında mühüm rol oynayacaqlar. Çünki bu universitetin müasir maddi-texniki bazası, savadlı akademik kadrları, ölkəsini sevən, müasir texnologiyaları mənimsəyən, savadlı və dünya görüşlü tələbələri var.
  Abşeron icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron təşkilatının sədri Bilman Vəliyev və universitetlə əməkdaşlıq edən şirkətlərin nümayəndələri də məzunları təbrik ediblər.
  Universiteti ixtisaslar, fakültələr və universitet birincisi olaraq bitirən tələbələr universitet rəhbərliyi tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
  Tədbirin bədii hissəsində universitetin özfəaliyyət kollektivləri ilə yanaşı tanınmış sənət adamları Gülyaz Məmmədova, Ehtiram Hüseynov, Aytən Məhərrəmova, Cahangir Qurbanov,  Vüqar Məmmədov  və Elgün Seyidov ifaları ilə məzunları təbrik ediblər.