Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb

22 İyun 2017 22:36 (UTC+04:00)

Sumqayıt şəhər sakinləri Bayraməli Mirzəcanov və Fəxrəddin Mirzəcanov Sumqayıt şəhəri asfalt zavodu məhəllə 1 ünvanındakı yaşıllıq sahəsində vətəndaş İlqar Həsənov tərəfindən obyekt tikintisinə cəhd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib.

Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq şikayətçinin iştirakı ilə yerində araşdırma aparılıb. 

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda İ.Həsənov tərəfindən tikilmiş fərdi yaşayış evinin arxa hissəsində 28 sərv, 8 söyüd və 1 qovaq cinsli ağac tinglərinin əkildiyi və onların yaş köküstə vəziyyətdə olduğu müəyyən edilib.

Araşdırmada iştirak edən şikayətçi F.Mirzəcanov əvvəllər məişət tullantıları ilə çirklənmiş bu torpaq sahəsini öz daxili imkanları hesabına təmizlədiklərini, burada çoxsaylı ağac tingləri əkdiklərini, onlara xidmət göstərdiklərini, lakin sonradan qonşusu İ.Həsənov tərəfindən bu ərazidə obyekt tikintisinə cəhd göstərildiyini bildirib. 

Sözügedən torpaq sahəsinə keçilmiş baxış zamanı obyekt tikintisi və ağac tinglərinin məhv edilməsi faktı aşkar olunmayıb. Ərazidə hər hansı obyektin tikintisi üçün torpaq sahəsinin ayrılmaması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə, ağac tinglərinin kəsilərək yerində obyekt tikintisi aparılması cəhdlərinin qarşısının alınması üçün Sumqayıt şəhər Polis İdarəsinə, tikinti aparılacağı təqdirdə yaşıllıqların məhv edilməsinə görə cəlb olunacağı məsuliyyət barəsində İ.Həsənova Nazirllik tərəfindən məktub göndərilib.

Ərazi Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.