10 bankla bağlı mühüm yenilik gözlənilir

23 İyun 2017 10:08 (UTC+04:00)

"Azərbaycanda 10-a yaxın bank Maliyyə Bazarlarına Nəzarət Palatasının kapital tələblərinə cavab vermir". Bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib. O qeyd edib ki, bu nəticələr yerli bankların beynəlxalq auditinin yekunları əsasında əldə edilib. Bu açıqlama fonunda insanları həmin 10 bankın hansılar olması və onların gələcək taleyi maraqlandırır. 

İqtisadçı-ekspert Xalid Mikayılov bildirdi ki, bankların birləşməsinə gətirən səbəblər onların hazırkı maliyyə vəziyyəti ilə bağlıdır: “Bir çox banklarda kredit portfelində problemli kreditlər o qədər artıb ki, bank portfelə sahib olsa da, ondan gələn gəlirlə heç öz minimum xərclərini belə ödəyə bilmir. Nəticədə bankın idarəedilməsi çətinləşir. 
Banklar əsasən iki səbəbə görə  birləşir. Ya bazarda daha çox paya sahib olmaq üçün, ya da xərclərini azaltmaq üçün birləşirlər. Hazırki iqtisadi vəziyyətdə ölkədə bazarda öz  payını artırmaq hər hansı bank üçün cəlbedici deyil. Çünki risklər böyükdür. Buna görə də banklar hazırda əsasən idarəetmə və digər xərcləri azaltmaq üçün birləşirlər. Burada isə bəzi problemlər var. Çünki birləşmə zamanı hər bir bank aktivləri daha sağlam olan bankla birləşməyə çalşır ki, bundan maksimum fayda götürsün. Bu isə hazırda çətindi. Çünki ölkə banklarının bəzilərində problemli aktivlər portfelin 20-30%-dən çox hissəsini təşkil edir. 
Təcrübədə adətən, səhmdarları eyni olan bankların birləşməsi daha uğurlu olur. Çünki səhmdarlar ayrı-ayrı banklarda olan portfellərin idarə edilməsini birləşdirməklə səmərəliliyi artıra bilirlər. Amma müxtəlif maraqları olan səhmdarların birləşməsi çətin olur. Bu bankların birləşmə prespektivi səhmdarlarının razılığa gələ bilməsindən və aktivlərinin vəziyyətidən asılıdır”.
Bank məsələləri üzrə digər mütəxəssis Cəfər İbrahimli bildirdi ki, ölkədə yaşanan devalvasiyalardan sonra bəzi bankların kapitallarında problem yaranmışdı: “Düzdür, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbi ilə müəyyən banklar kapitallarını artıra bildi. Lakin sonrakı proseslərin fonunda kapital yetərsizliyi təkrarən  özünü göstərdi. Bu məsələdə Mərkəzi Bankın likvidlik verməsi ilə bərabər banklar özləri də kapitallarını artırmalıdırlar. Sadəcə, borc götürməklə bankın maliyyə problemini həll etmək mümkün deyil. Ən yaxşısı, kapital artırmaqdır. 
Əvvəllər bankların böyük əksəriyyəti kapitallarını artırdılar. Lakin kapital yetərsizliyinin olduğu yenə də ortaya çıxıb. Səhmdarlar üçün də hər gün banka kapital yerləşdirmək çətindir. Qaynaqlar sərhədsiz deyil. Əvvəl beş, sonra isə on bankın gündəmə gəlməsi vəziyyətin müsbətə doğru getdiyini deməyi çətinləşdirir. Bütün bunlara baxmayaraq, son qanun dəyişikliyindən sonra bankların bağlanma ehtimalı azalıb. Eyni zamanda ehtiyatları nəzərə alsaq, sığortalanan vəsaitlərin  ödənilməsində büdcə üçün yük yaranacaq. 2017-ci il üçün bankarın bağlanmasından çox konsoldasiya ehtimalı yüksəkdir”.

Mübariz BAYRAMOV