Düşmən ordusu tam şəkildə çökür

23 İyun 2017 10:18 (UTC+04:00)

Erməni ordusunda əsgər çatışmazlığı problemi gedərək daha da dərinləşir. Adi kəndlilər, qocalar pulla orduya cəlb olunur. Bunu ötən günlərdə ordumuz tərəfindən ələ keçirilən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun üzvünün sözləri də bir daha təsdiqləyir.  21 iyun tarixində hərbiçilərimiz tərəfindən tutulan Zaver Hovanis Karapetyan adlı erməni bildirib ki, kənd sakinidir və pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunub. 

Ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirdi ki, Ermənistan ordusunda əsgər çatışmazlığı həmişə hiss olunub: “Yəqin ki, bundan sonra daha çox hiss olunacaq. Bunun bir səbəbi əhalinin sosial durumu ilə bağlı çörək dalınca xarici ölkələrə, xüsusilə Rusiya Federasiyasına üz tutmasıdır. Amma ən ümdə səbəb real vəziyyətlə bağlı düşüncə fərqliliyindədir. Yəni, müasir erməni gəncləri Qarabağda həlak olmağa mənasız ölüm kimi baxırlar. Onlar üçün bu, artıq əhəmyyətini itirmiş məsələdir. 
Aprel döyüşləri zamanı biz bunun bir daha şahidi olduq. İdeoloji və mənəvi baxımdan Qarabağ problemi dinc erməni vətəndaşlarından ötrü nəinki öz prinsipiallığını, hətta adi dayanıqlığını belə tamamilə itirib.  O ki qaldı Karapetyanın dediklərinə, onun yalan danışdığına əminəm. Bununla məsuliyyətdən qismən də olsa, yaxasını qurtarmaq istəyir. O peşəkar diversantdır. Əgər belə olmasaydı, yaralıları geri aparanlara qoşulub aradan çıxardı. Sadəcə, peşəkarlığına güvənərək vəziyyəti öz nəzarəti altında saxlamağa cəhd göstərib. Amma bacarmayıb. Son nəticədə Azərbaycan əsgəri öz intellekti və döyüş hazırlığı ilə ona qalib gəlib. Hər şey  göz qabağındadır. Karapetyanın danışdığı nağılları ona bir vaxtlar keçdiyi hərbi hazırlıq kurslarında əzbər öyrədiblər. İndi o da bu nağılları bizə sırımaq istəyir. Bununla belə, ermənilərin əsgər çatışmazlığı üzündən yerli əhalini müəyyən miqdarda pul müqabilində döyüş növbəsinə cəlb etməsi sirr deyil. Amma onlar belə muzdlulardan mürəkkəb döyüş əməliyyatlarında, xüsusilə diversiya məqsədilə keçirilən əməliyyatlarda istifadə etmirlər. Karapetyanın özü  bunu hamıdan yaxşı bilir. Ona görə də vəziyyətdən çıxmaq üçün saman çöpünə əl atıb”. 
Hərbi məsələlər üzrə digər ekspert Üzeyir Cəfərov bildirdi ki, biz bunu dəfələrlə demişik: “İndi də ermənilərin özləri təsdiq edir ki, Ermənistan ordusunda ciddi əsgər çatışmazlığı mövcuddur. Onlar pul müqabilində mülki şəxsləri dəvət edirlər ki, postlarda növbəli şəkildə xidmət etsinlər. 
Tutulan şəxs çox söz deyə bilər. Amma onun Ermənistan silahlı qüvvələrinə aid olduğu etiraf edilib. Sadəcə, məsuliyyətdən yayınmaq üçün bu cür danışır. Ancaq bütün hallarda hərbi quluqçu hesab olunur. Özünü məsuliyyətdən yayındırmaq üçün bu sözləri deməsinə baxmayaraq, Azərbaycan güzəşt etməyəcək. Bu fakt bir daha sübut edir ki, Ermənistan təxribatlarını davam etdirməkdə maraqlıdır. Ermənistan bu dəfə məhz işğal olunmuş ərazilərdə təxribat həyata keçirib. Yəqin, düşünürlər ki, Azərbaycanın başı hərbi təlimlərə qarışıb. Ancaq Azərbaycan kifayət qədər resurslara malikdir. Ölkəmizin döyüş hazırlığını təmin etmək üçün kifayət qədər şəxsi heyət və texnikası var. Təlim adı altında döyüş bölgəsinə əlavə qoşun yığılmayıb. Ermənilərin bu iddiaları əsassıszdır. Ermənistan növbəti dəfə çıxılmaz vəziyyətlə üzləşib”.
 

Mübariz BAYRAMOV