Aqrar sahənin növbəli əkin problemi

24 İyun 2017 09:30 (UTC+04:00)

Məlumdur ki, son illər aqrar sahəsinin inkişafına xüsusi diqqət var. Ancaq buna baxmayaraq, sözügedən sahədə müəyyən problemlər də tam aradan qalxmayıb. Məsələn, aqrar sahədə uzun illərdir, özünü göstərən problemlərdən biri növbəli əkin prinsipindən az istifadə edilməsidir. Demək olar ki, bu prinsipə nadir fermerlər riayət edir. Halbuki, belə əkin məhsuldarlığın artımı baxımından çox vacib elemet hesab olunur. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, növbəli əkin sisteminin tətbiqi bitkiçilikdə ən vacib aqrotexniki tədbirlərdən biridir: “Bu sistemin torpağın münbitliyinin yaxşılaşdırılmasından tutmuş, xəstəliklərə, zərərvericilərə qarşı mübarizə tədbirlərində, həmçinin növbəti ildə məhsuldarlığın artırılmasında böyük faydası var. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi və davamlı olaraq bölgələrdə seminarlar təşkil edilir, videoçarxlar nümayiş olunur, kitabçalar, broşuralar paylanılır. 
Ümumiyyətlə, nazirlik tərəfindən kənd təsərrüfına həsr olunmuş verlişlərdə bu sistemin ən vacib elementlərdən biri olduğu daim fermerlərin nəzərinə çatdırılıb. Hansı bitkidən sonra hansı bitkinin əkilməsinin faydası haqqında daim məlumatlar veririk. Məsələn, paxlalı bitkilərlə taxılın, pambığın, yoncanın növbəli əkilməsi daha məqsədəuyğundur”. 
Aqrar məsələlər üzrə mütəxəssis Elmira Əliyeva bildirdi ki, sahələrin münbitliyinin qorunmasında, məhsuldarlığın  artırılmasında növbəli əkinin əhəmiyyəti böyükdür: « Növbəli əkinin zəruri səbəbləri var. Məsələn, dənli bitkilərin inkişafı zamanı azot və fosfordan istifadə olunur. Kartofa, şəkər çuğunduruna isə bunların yerini kalium əvəz edir. 
Bundan başqa, dənli bitkilərdə kök sistemi saçaqlı olur və şum qatında yerləşir. Paxlalılarda isə kök oxşəkillidir və torpağın dərin qatlarına uzanır. Odur ki, dənli bitkilər qida maddələrini torpağın üst qatından, paxlalılar isə torpağın alt qatından alır.  Yəni,  düzgün növbələşmə qida maddələrindən səmərəli istifadəyə təminat yaradır. Bəzən ardıcıl olaraq bir neçə il çox illər tərəvəz bitkiləri, kartof və qarğıdalı eyni sahədə becərilir. Bir bitkinin bir neçə il eyni sahədə əkilməsi və xüsusən də gübrə verilmədikdə hər növbəti il məhsuldarlıq aşağı düşür. Həmçinin xəstəlik və zərərvericilər artır. Ən nəhayət isə torpaq həmin bitki üçün zəhərli hala düşə bilər. Çünki bitki hər il ona lazım olan maddələri həmin torpaqdan alıb. 
Ümumiyyətlə, əkinin düzgün növbələşməsi bitkilərə gübrələrlə verilən və torpaqda olan qida maddələrindən yaxşı istifadə imkanı yaradır. Növbəli əkinin zamanı bitkilər torpağı quraqlıqdan da qoruyur». 

Mübariz BAYRAMOV