Böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

23 İyun 2017 16:12 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin vəfatının 600 illiyinə həsr edilmiş “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Fəxri Fiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığından ətraflı bəhs edib. Hələ keçmiş sovet dövründə ümummili lider Heydər Əliyevin göstərişi ilə qüdrətli şairin anadan olmasının 600 illiyinin yüksək səviyyədə qeyd olunduğunu bildirən akademik İsa Həbibbəyli müstəqillik illərində də bu ənənənin davam etdiyini və Nəsiminin əsərlərinin latın qrafikası ilə 25 min tirajla çap edildiyini diqqətinə çatdırıb. Akademik İsa Həbibbəyli YUNESCO-nun qərarı ilə bu il Nəsiminin vəfatının 600 illiyinin beynəlxalq səviyyədə qeyd olunduğunu xüsusi vurğulayıb.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova “Yaradıcılıq ali dəyər kimi”, Gürcüstan Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq Elizbar Cavalidze Azərbaycan dilində “Əzabkeş şair”, Hindistanın Dehli Cəvahirləl Nehru Universitetinin professoru, şərqşünas alim Ahmat Ansari “İmadəddin Nəsiminin mistik poeziyası” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə İmadəddin Nəsiminin yaradıcılığı üzrə bir sıra dünya ölkələrində aparılan tədqiqatlardan danışılıb, şairin çoxcəhətli yaradıcılığının müxtəlif aspektləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Plenar iclasda akademik Vasim Məmmədəliyev, akademik Rəfael Hüseynov, akademik Teymur Kərimli, akademik Nizami Cəfərov, Moskva Beynəlxalq

Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırov və İranın Ərdəbil Universitetindən Məhəmməd Əli Rezaşərif çıxış edərək Nəsiminin yaradıcılığından ətraflı söz açıblar.

Tədbir çərçivəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə nəşr olunan görkəmli gürcü şərqşünas alimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, akademik Elizbar Cavalidzenin “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabının təqdimat mərasimi keçirilib.

Görkəmli türkoloq alim Elizbar Cavalidzenin yaradıcılığından və onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabı haqqında ətraflı bəhs edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Elizbar Cavalidzenin Şərq ədəbiyyatının Gürcüstanda əsas tədqiqatçılarından biri olduğunu diqqətə çatdırıb. Gürcü alimin “Cəlaləddin Rumi”, “Yunus Əmrə”, “Ruhi Bağdadi” kimi monoqrafik tədqiqatlar hazırlayıb nəşr etdirdiyini bildirən akademik İsa Həbibbəyli onun “Məhəmməd Füzuli: həyatı, mühiti, yaradıcılığı” kitabını qüdrətli Azərbaycan şairinin yaradıcılığına kənardan baxışı ifadə edən əhəmiyyətli elmi əsər kimi dəyərləndirib. Adıçəkilən kitabın ölkəmizdə nəşrinin qarşılıqlı ədəbi əlaqələrimizin inkişafı baxımından əhəmiyyət daşıdığını vurğulayan akademik İsa Həbibbəyli nəşrin Orta əsr Azərbaycan ədəbiyyatının tədqiqatçıları üçün dəyərli mənbə olduğunu xüsusi qeyd edib.

Tədbirdə digər çıxış edənlər - akademik Vasim Məmmədəliyev, akademik Rafael Hüseynov, kitabın tərcüməçisi Mirzə Marşov, filologiya elmləri doktorları Ataəmi Mirzəyev, Mədət Çobanov və filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı kitabın əhəmiyyətindən danışıblar.

Sonda çıxış edən Gürcüstan Elmlər Akademiyasının akademiki Elizbar Cavalidze ölkəmizdə yaradıcılığına göstərilən diqqətə və kitabın nəşrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib.

Konfrans bölmə iclasları ilə işini davam etdirib.

Beynəlxalq elmi konfransda Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Gürcüstan, İran və Hindistan alimlərinin 70-dən çox məruzəsi dinlənilib.