Formula 2-nin VII mərhələsində qalib müəyyənləşdi

24 İyun 2017 13:38 (UTC+04:00)

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi müəyyənləşib.

Movqe.az goal.az-a istinadla xəbər verir ki, “Prema Racing” komandasının pilotu Şarl Lekler 1:54.025 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Nik De Vries (Niderland, Rapax) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü sırada finiş xəttini keçib.

Formula 2 yarışının 21 dövrədən ibarət olacaq VIII mərhələsi iyunun 25-də keçiriləcək və saat 14:00-da başlayacaq.

Formula 2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib. Hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər. Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.

Daha öncə isə Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.