Azərbaycan Prezidenti İlham Əliyev Polşa Senatının marşalı ilə görüşüb (FOTO) (YENİLƏNİB)

27 İyun 2017 20:30 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikası Senatının marşalı Stanislav Karçevski ilə görüşüb.

Stanislav Karçevski Azərbaycana səfərini və Prezident İlham Əliyev ilə görüşünü məmnunluqla xatırladı. Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan Senatın marşalı bu əlaqələrə böyük əhəmiyyət verdiklərini söylədi, xalqlarımız arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə etdi. Stanislav Karçevski Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin və bu səfər çərçivəsində keçirilən biznes forumun ikitərəfli əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsi baxımından önəmini vurğuladı. O, Polşanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Azərbaycanın dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Parlamentlərarası əməkdaşlığa böyük önəm verdiklərini diqqətə çatdıran Polşa Senatının marşalı Azərbaycanın nəqliyyat dəhlizi imkanlarından istifadə edilməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Polşaya rəsmi səfəri çərçivəsində strateji tərəfdaşlığa və müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasının ölkələrimiz arasında dostluq münasibətlərinin yaxşı göstəricisi olduğunu bildirdi. Dövlətimizin başçısı Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı. Səfər çərçivəsində iqtisadi əlaqələrimizin mühüm hissəsinin - Azərbaycanın nəqliyyat dəhlizləri və ölkəmizin tranzit imkanlarından istifadə olunması məsələsinin müzakirə edildiyini bildirən Prezident İlham Əliyev bu nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.

Azərbaycan-Polşa əməkdaşlığının böyük tarixinin olduğunu deyən dövlətimizin başçısı ölkəmizin ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev Azərbaycanın Polşa ilə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa parlament strukturlarında uğurla əməkdaşlıq etdiklərini bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Polşa arasında siyasi, iqtisadi, humanitar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparıldı.

Sonda Prezident İlham Əliyev Senatın xatirə kitabına ürək sözlərini yazdı.