Abşeronda polislər bıçaqlanan şəxsləri ölümdən xilas etdilər

29 İyun 2017 10:47 (UTC+04:00)

Abşeronda iki nəfər bıçaqlanıb, polis əməkdaşları onları ölümdən xilas edib. Movqe.az report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki,  1978-ci il təvəllüdlü Sadıqov Vasif Tofiq oğlu və 1996-cı il təvəllüdlü Zeynallı Əfqan Rəcəb oğlu qəsəbədə yerləşən marketlərdən birinin qarşısında tanıdıqları şəxslə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib.

Hadisə zamanı hər ikisi bir neçə bıçaq xəsarəti alaraq avtomobil yolunun kənarına yıxılıb. Onlar çoxlu qan itiriblər. Yoldan keçən Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi üzrə fəaliyyət göstərən Polis Patrul Xidmətinin əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq hər iki yaralını xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. 

Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.