İqlim dəyişikliyi Azərbaycana da təsir göstərməyə başlayır
21 Fevral 2013 10:20 (UTC+04:00)
Məlumdur ki, bu il təbiətimiz soyuq fəslin sərt üzünü görə bilmədi.
Artıq qışın ən şaxtalı günləri olan "kiçik çillə" dövrü başa çatsa
da, ümumilikdə, ölkə üzrə düşən qarın miqdarı ötən illərə nisbətən
çox az oldu. Amma mülayim qış tək Azərbaycanda yox, bütövlükdə
Qafqazda hiss olunmaqdadır. Halbuki, cari ilin müvafiq dövrləri
üçün Qərb ölkələrində, xüsusən də ABŞ – da havanın kəskin şaxtalı
keçməsi nəticəsində insan tələfatı da oldu. Ölkəmizdə sonuncu dəfə
bu cür sakit qış 1955 – ci ildə (+27 dərəcə) qeydə alınıb. Lakin bu
qışın mülayim keçəcəyini əvvəlcədən proqnozlaşdıranlar da olmuşdu.
Belə ki, Ümumdünya Meteorologiya Təşkilatı Şərqi Avropa və Cənubi
Qafqaz ölkələrinin 2013-ci il qış mövsümü üçün proqnozunda havanın
temperaturunun iqlim norması daxilində və iqlim normasından bir
qədər yüksək olacağı ehtimalını irəli sürmüşdülər. Qışın belə
mülayim keçməsini isə əsasən iqlim dəyişmələri və digər amillərlə
əlaqələndirirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri
və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov "Mövqe"yə
açıqlamasında bildirir ki, bu cür qış Günəşin 11 illik aktivliyi
ilə əlaqədar ola bilər: "Bundan başqa da faktorlar var. Burada
iqlim dəyişikliyi də müəyyən rol oyanır. Əvvəllər də belə isti
qışlar olub. Sadəcə, iqlim dəyişmələri özünü daha çox mülayim qış
olanda göstərir. Son 20 – 30 ildə bəzi yerləri nəzərə almamaqla qış
ayları mülayim keçib".
Gülmalı Süleymanovun sözlərinə görə, qışın mülayim keçməsinin yay
aylarına birbaşa təsir edəcəyini demək olmaz: "Qış soyuq keçəndə
yay isti olur və ya əksinə olur fikri düzgün deyil. Artıq Şərqi
Avropa və Şimali Asiya İqlim Mərkəzləri mövsümlər üzrə proqnozlar
verirlər. Onlar qış mövsümü üçün proqnoz vermişdilər ki, Şimal
küləyi nəticəsində bəzi günlərində soyuq olsa da, ümumilikdə qış
ayları mülayim keçəcək. Proqnoz özünü doğruldub. Mart ayında isə
yazın və yayın proqnozunu verəcəklər. Həmin proqnozdan sonra biz də
məlumat verəcəyik".
Mərkəz rəhbəri bildirir ki, qışın belə mülayim keçməsi insan
səhhətində problemlər yarada bilir: "Soyuqdəymə, qrip kimi
xəstəliklərinin sayı artır. Bu da əsasən mikrobların yayılmasından
irəli gəlir. Yəni, qış soyuq olmalıdır. Qış nə qədər qarlı olarsa,
o qədər mikroblar az olar. Amma ümumilikdə, iqlimlə səhhətin
bağlılığı özünü temperaturda kəskin dəyişiklər olanda təsir
göstərir. Hava şəraiti uzun müddət eyni olanda o qədər də təsiri
olmur. İnsan ona uyğunlaşır və elə də diskomfort yaratmır".
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman
Zeynalovun sözlərinə görə isə, burada iqlim dəyişikliyi ilə
bərabər, müəyyən süni müdaxilələr də var: "BMT dünyada su
qıtlığının əmələ gələcəyi barədə informasiya yayırdı. İnformasiya
yayılmasının səbəblərindən biri də yağıntıların miqdarını azaldıb
su qıtlığı yaratmaq idi. Bu da ğz növbəsində ərzaq qıtlığı yaradır,
miqrasiyanı çoxaldır, müharibələrə imkan yaradır. Bu, yağıntı ilə
əlaqədar olan problemlərdir. Ancaq Azərbaycanda belə qış hər 40 –
50 ildən bir olur".
Ekoloqun fikrincə, qışa baxıb yayı necə keçəcəyini demək olmaz:
"Ancaq şəxsi müşahidəm odur ki, qış nə qədər sərt keçirsə, yay o
qədər isti keçir. Qış nə qədər mülayim olursa, yay o qədər sərin
keçir. Amma burada meterioloji silahlardan da istifadə ediblər.
Qışda yağıntıların miqdarını minimuma endirirlər, yayda quraqlıq
yarada bilərlər. Havada təyyarələrin buraxdığı izlər də həmin
silahın nəticəsidir".
Ekspert əlavə etdi ki, "kiçik çillə"dən sonra mart gəlir: "Ola
bilər ki, belə bir mülayim qışdan sonra mart ayında - şaxta
çiçəklənməni məhv etsin. Yəni, mülayim qış imkan verir ki, ağaclar
vaxtından tez çiçəklənsin, torpaq tez dirçəlsin. Onda da şaxta
onları məhv edir. 7 il əvvəl bizdə limon və naringi qıtlığı oldu.
Mart ayında ağaclar çiçəklənmişdi. Şaxta Astara və Lənkaranda
onları məhv etmişdi".