Son 10 ildə Azərbaycanda yeni doğulmuş 1 milyon yarımdan çox uşağa elektron sağlamlıq kartı verilib

29 İyun 2017 21:30 (UTC+04:00)

Son 10 ildə Azərbaycanda yeni doğulmuş 1 milyon yarımdan çox uşağa elektron sağlamlıq kartı verilib. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə APA-ya bildirib ki, 2006-cı ilin sonlarından ölkədə doğulan bütün uşaqlara elektron sağlamlıq kartlarının verilməsinə başlanılıb.

Onun sözlərinə görə, kartın üzərində ad, soyad, sistemdə olan unikal kodu, doğum tarixi, qan qrupu əks olunur. 
 
C.Əsədzadə qeyd edib ki, bu sistem “Vətəndaşların elektron sağlamlıq kartı” sisteminin (VESKS) tərkib hissəsidir: “Vətəndaşlar tibb müəssisələrinə müraciət etdiyi halda sağlamlıqları barədə bütün məlumatlar sistemdə yerləşdirilir. Bu prosesə əvvəllər yalnız dövlət xəstəxanaları qoşulmuşdu. Lakin son illər özəl xəstəxanalar da bu sistemə qoşulmaqda maraqlıdır. Hazırda demək olar ki, bütün özəl və dövlət xəstəxanalar elektron sağlamlıq kartı sisteminə qoşulub”.