Avropa Qarabağ məsələsində fəal siyasətə keçir?!

30 İyun 2017 09:36 (UTC+04:00)

"Avropa münaqişələrin həlli istiqamətində konkret tədbirlər görməlidir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak qurumun plenar sessiyası zamanı bildirib. Onun sözlərinə görə, Avropa miqrasiya siyasətini həyata keçirməklə kifayətlənməməlidir. 

S.Şennak qaçqınların problemlərinin daha dərin olduğunu deyərək, bu günə qədər münaqişələr nəticəsində minlərlə uşağın yoxa çıxdığını xatırladıb: "Avropa qəbul etdiyi 3 milyon qaçqının məsələsini müzakirə edir, halbuki Yer üzündə 27 milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu vəziyyətdən yeganə çıxış yolu münaqişələrin həlli istiqamətində mühüm addımlar atmaqdır".
Siyasilərin fikrincə, Avropa dünyadakı mövcud münaqişələrin həlli istiqamətində addım ata bilmək iqtidarındadır.  Sadəcə, bunun üçün Avropanın tək istəyi lazımdır. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, Avropa Birliyi (AB) dünyada ABŞ-dan sonra həm iqtisadi, həm də hərbi cəhətdən ən qüdrətli bölgədir: “Eyni zamanda Avropa Birliyinin bütün proseslərə təsir imkanları böyükür. O cümlədən Dağlıq Qarabağ münaqişəsində işğalçı tərəf olan Ermənistana da təsir imkanları var. 
AB Dağlıq Qarabağ problemi istiqamətində ortalığa konkret niyyət qoyarsa və beynəlxalq hüququn gərəyini tələb edərsə, bu, problemin həlli istiqamətində atılmış ciddi addım olar. Onu da nəzərə alaq ki, AB-nin bu gün Rusiya ilə münasibətləri gərgin müstəvidədir. Təkcə Dağlıq Qarabağ münaqişəsi deyil, dünyanı təhdid edən bütün münaqişələrin çözülməsi üçün tərəflər arasında geosiyasi anlaşma olmalıdır. Bu məsələdə də AB öz ağırlığını ortaya qoya bilər. Çünki AB təkcə hərbi və siyasi cəhətdən deyil, həm də iqtisadi cəhətdən ciddi təsir imkanlarına malikdir. Sadəcə, AB indiyə qədər münaqişələrlə ciddi məşğul olmayıb. Ancaq artıq hiss edirlər ki, bu cür münaqişələr potensial olaraq bütövlükdə Avropa məkanı üçün də təhlükələr vəd edir. O baxımdan Ş. Şennakın sözlərində həqiqət var. 
Artıq münaqişələrin həlli zamanı gəlib. Bu məsələlərə də yalnız və yalnız beynəlxalq hüquq müstəvisində yanaşılmalıdır. Əgər bütün məsələlərə beynəlxalq hüquq müstəvisində yanaşılsaydı, Ermənistan işğalçı dövlət kimi torpaqlardan çoxdan çıxmalı idi. Amma bunu tələb edən yoxdur. Yaxud BMT-nin qərarları olsa da, onun icra mexanizmləri yaradılmadığı üçün qəbul etdikləri qərarı icra etmirlər”. 
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Avropa Birliyi  qlobal münaqişələrin həllində mühüm rol oynayan bir qurumdur: “Birliyin  qəbul etdiyi sanksiyalar birbaşa münaqişlərin həllində irəliləyişə nail olmaqda əsas təsir rıçaqlardan biridir. Bu gün məhz Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyaları tətbiq edən Avropa analoji addımı işğalçı Ermənistana qarşı da həyata keçirə bilər.  
Təssüf ki, Avropa Qarabağ münaqişəsinin həllində fəal deyil, hətta Qarabağda separatçı qurumların nümayəndələrinə sanksiyalar tətbiq etmir. Halbuki, belə qadağalar Ermənistan və Qarabağda separtçılara şamil olunsa, münaqişənin həllində nəzərəçarpan irəliləyiş əldə etmək olar. Bu gün Avropanın bir sıra dövlətlərinin parlamentariləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edir, separatizmə dəstək verirlər. Belə bir qanunsuz hərəkətlərin qarşısı alınarsa, Avropa Birliyinin qurumları işğalçı ölkəyə qarşı qətnamələri sərtləşdirməsi fonunda münaqişənin ədalətli həllinə nail olmaq olar.  Təəssüf ki, hələ Avropa Qarabağ münaqişəsinin həllində  fəal deyil. Amma bu münaqişə qurumun sərhədləri yaxınlığında olmaqla bərabər, sülh və təhlükəsizliyi üçün də təhdiddir. Avropa Qarabağ probleminin həllində fəal olmalı və münaqişənin tez bir zamanda həllində vasitəçiliyi üzərinə götürməlidir”.
Mübariz BAYRAMOV