Yeni silahlarımız Ermənistanda çaxnaşma yaratdı

30 İyun 2017 09:40 (UTC+04:00)

Məlumdur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Rusiyadan ölkəmizə silah-sursat və müxtəlif təyinatlı müasir hərbi texnikanın növbəti partiyası gətirilib. Belə ki, Rusiya ilə əvvəldən bağlanmış müqavilələr əsasında təkcə iyunun 24-də Bakıya 42 eşalon silah-texnika gətirilib. Onlar arasında “Xrizantema-S” tank əleyhinə raket kompleksləri də var. Ötən ay isə Rusiyadan Azərbaycana BTR-82A zirehli transportyorlarının böyük partiyası da daxil olmaqla çoxsaylı texnika gətirilmişdi. Bu hal Ermənistanda ciddi təşvişə səbəb olub. Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan bu vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Rusiyaya ümid etməsinin yersiz olduğunu açıqlayıb. O, Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən, Moskvanı tənqid edib: “Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir. Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk, lakin daha ona ümid etmək lazım deyil”.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirdi ki, Ermənistanın narahatçılığı başadüşələndir: “Bilirlər ki, Azərbaycan nə vaxtsa Ermənistanı işğal altında saxladığı ərziləri boşaltmağa məcbur edəcək. Danışıqlar yolu nəticə verməsə, alınan silahlardan istifadə ediləcək. 
Azərbaycanın Rusiyadan aldığı tank əleyhinə raket kompleksləri ən müasir avadanlıqlardır. Həmin silahların ilk partiyası 2015-ci ildə Azərbaycana gətirilib. Yəni, iki il əvvəl Azərbaycanla Rusiya arasında imzalanmış sazişə əsasən silahların növbəti partiyası gəlir.  İlin sonuna qədər də geridə qalmış texnika Azərbaycana gətiriləcək. Yeni avadanlıq radar sistemi ilə təchiz olunub. Düşmənin texnikasını rahat şəkildə müəyyənləşdirib sıradan çıxara bilir. Ermənilərin təşvişi buna görədir. İndiyə qədər Azərbaycanda İsrail istehsalı olan “Spayk” tank əlehyinə raket kompleksi var idi. Rusiyanın ““Xrizantema-S” tank əleyhinə raket kompleksi “Spayk”dan sonra ən müasir texnika sayılır. Ona görə ermənilər narahatdırlar. Hay-küy salırlar ki, bəlkə Rusiya onlara da nəsə verəcək. Ancaq Rusiyanın Ermənistana da həmin silahlardan verəcəyi inandırıcı deyil. 
Ermənistan tüfeyli həyat sürən dövlət kimi Rusiyanın dövriyyədən çıxartdığı silah-sursatla gününü keçirir. Azərbaycan isə silahları halal pulu ilə alıb. Onu nəzərə alaq ki, başqa ölkələrdən ondan da güclü silah bu il Azərbaycana gətiriləcək. Ermənistan nə qədər tez düzgün qərar verərsə, bir o qədər şəxsi heyətini və texnikasını qorumuş olar.  Azərbaycanın başqa düşməni yoxdur. Ermənilər hazır olsunlar. Həmin silahlar mütləq Ermənistana yönəldiləcək. Sadəcə, bu məsələnin bir qədər geci-tezi var”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, yeni silahların alınması avtomatik olaraq qarşı tərəfi də hansısa addımlara atmağa məcbur edir: “Onsuz da Ermənistanın çökmüş iqtisadiyyatı silahlanma yarışına dözə bilmir. İndidən bu müşahidə olunur. Yəni, ilk növbədə iqtisadi müharibədə qalibiyyətimizdir. İkincisi də bu, Ermənistanda daxili gərginliyin artmasına təsir göstərəcək. Ermənistanda rəhbərliyində də təşviş yaşanır. 
Başa düşməliyik ki, Cənubi Qafqazda artıq yetərincə silah yığılıb. Bu, bir gün hansısa formada partlaya bilər. Vaxtı ilə Azərabaycan müharibəni başlamayıb.  O baxımdan müharibəyə hazır olmalıyıq. Hazırlığın da bir mərhələsi silahlanmadan keçir”.
Mübariz BAYRAMOV