Qətər bazarlarında Azərbaycan məhsullarına da böyük tələb yaranır

30 İyun 2017 09:50 (UTC+04:00)

Fars körfəzinin ərəb dövlətləri tərəfindən Qətərə qarşı irəli sürülmüş 13 şərtdən ibarət tələbə əməl etmək üçün ayrılmış vaxtın bitməsinə 4 gün vaxt qalıb. Əgər Qətər həmin tələbləri yerinə yetirməsə bu ölkəyə qarşı körfəz ölkələri tərəfindən tətbiq edilmiş iqtisadi və siyasi sanksiyaların daimi xarakter alacağı ehtimalı getdikcə artır. Bu durumda Qətər digər mənbələrdən ərzaq məhsullarını idxalını artırır. Türikyə və İran artıq bu istiqamətdə fəal addımlar atır. Mütəxəssislərin fikrincə, Azərbaycan da bu məqamdan faydalana bilər. Qətərə ərzaq məhsullarının, o cümlədən şirin suyun ixracının artımı mümkündür. 

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Qətər bazarı kifayət qədər kiçik olsa da, alıcılıq qabiliyyəti yüksək olan bazardır: “Qətərin əhalisinin sayının az olmasına baxmayaraq, alıcılıq qabiliyyəti yüksəkdir. Göründüyü kimi, kiçik bazardan pay almaq üçün Türkiyə, İran ciddi işlər görür.  Türkiyə hətta son iki həftə ərzində Qətərə ən maksimum ixracını həyata keçirib. Azərbaycan da bazarı öyrənərək tələbat olan məhsullarla operativ şəkildə Qətər bazarına çıxa bilər. 
Nəzərə alaq ki, Qətərdə xüsusən kənd təsərrüfatı məhsullarına tələbat var. Azərbaycanın da kənd təsərrüftı məhsullarını qısa müddətdə bu bazara çıxartma imkanı var. Bunun üçün səfirliklər vasitəsi ilə Azərbaycan kənd təsərüfatı məhsullarının Qətər bazarına çıxışını təmin etmək mümkündür. Gərək böhran başlayan kimi həmin istiqamətdə işçi qrup yaradılaydı. Təəsüf ki, hələlik bu istiqamətdə heç bir məlumat yoxdur. Amma hələ də gec deyil. Çox güman ki, Qətər ətrafında gərginlik davam edəcək. Bu fonda Azərbaycan Qətər bazarında yer tuta bilər. Gecikmədən fəaliyyətə keçmək lazımdır”. 
Ekspert əlavə etdi ki, bu, biznez məsələsidir: “Azərbaycan məhsullarını İran üzərindən ixrac edə bilər. Nəzərə alaq ki, Azərbaycanın İranla kifayət qədər biznes münasibətləri var. Fars körfəzinə ən sərfəli yol da məhz İran üzərindədir. İran üzərindən bu işləri görmək həm də siyasi risklərin müəyyən hissəsini İranla bölüşmək deməkdir. O zaman həm siyasi, həm də iqtisadi anlamda prosesdən daha uğurlu çıxa bilərik”.
Millət vəkili Vahid Əhmədov bildirdi ki, Qətərlə Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında müqavilə var: “Bununla əlaqədar olaraq Qətər-Azərbaycan münasibətləri də yüksək səviyyədədir. İqtisadiyyat Nazirliyi ilə Qətər dövləti arasında müəyyən digər məhsulların da ixracı ilə bağlı danışıqlar gedir.
 Qətərə hazırda embarqo tətbiq edilib. Bu, müvəqqəti haldır. Vaxtı ilə İrana da embarqo tətbiq edimişdi. Amma  Azərbaycan onunla da münasibətləri yüksək səviyyədə inkişaf etdirdi. Embarqodan müsəlman dövlətləri istifadə edib məhsullarını Qətərə ixrac edirlər. Azərbaycanın da Qətərlə münasibətləri yüksək səviyyədə olduğu üçün müəyyən məhsullarının bu dövlətə ixracında maraqlıdır. O cümlədən Azərbaycan Qətər dövlətinin burada investisiya qoymasında maraqlıdır”.
Mübariz BAYRAMOV