Ziyafət Əsgərov: Bəziləri məhkəmə sistemimizə kölgə salmaq üçün Azərbaycanla bağlı qərarların sayının çox olduğunu bildirir

30 İyun 2017 14:39 (UTC+04:00)

Azərbaycanda məhkəmə sisteminə kölgə salmaq məqsədilə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir.

Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bu gün Milli Məclisin növbədənkənar iclasında deyib.

Onun sözlərinə görə, AİHM-in rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla əlaqədar qəbul edilən qərarların sayından çoxdur.

Z.Əsgərovun sözlərinə görə, AHİM-in rəsmi statistikasında 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunduğu qeyd edilir, lakin Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur.

Birinci vitse-spiker əlavə edib ki, Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir.