barda qətl törədən şəxs məhkəmədə ifadə verib

30 İyun 2017 16:10 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Xəyyam Paşayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Könül Əliyeva ifadə verib.
O, dindirilən zaman tez-tez barlara getdiyini, həmin gün isə X.Paşayevi gördüyünü bildirib: “Əvvəl rəfiqəm Xəyalə ilə 20-ci sahədə bir bara girdim. Xəyyam orada tək oturub, pivə içirdi. Ordan çıxıb Bayıldakı bara getdim. Xəyalə də məni maşında gözləyirdi. Mən orda olanda Xəyyamla rəhmətə gedən Ceyhun arasında mübahisə oldu. Onları sakitləşdirməyə çalışdım. Hər iki şəxs bir-birindən ayrıldı, sonra Xəyyam bıçaq çıxarıb onu vurub, çölə qaçdı. Rəhmətliyin yanındakı iki oğlan da onun arxası ilə qaçdılar. Ceyhunu xəstəxanaya apardılar. Onun gödəkcəsi ilə telefonunu yerdən götürüb xəstəxanaya aparıb, orada polisə verdim".
K.Əliyevanın sözlərinə görə, hadisə zamanı qətlə yetirilmiş Ceyhun Qurbanovun telefonunu yerdən götürərkən, dəstəyi qırıq bıçaq da görüb: "Amma onu götürmədim. Həmin gün içkili idim. Gənclərin nəyə görə dava etdiklərini isə bilmirəm".
Təqsirləndirilən X.Paşayev söyləyib ki, şahid K.Əliyeva mübahisənin səbəbini bilsə də, qorxusundan düzgün danışmır: “Ceyhunla Eldəniz mənim üstümə hücum edəndə bu xanım bizi araladı. Yəqin ki indi də nədənsə qorxduğu üçün düzgün danışmaq istəmir”.
X.Paşayev şahidin ifadəsinə münasibət bildirərkən, hadisənin nəyə görə başladığını da deyib: “Barda rusdilli bir qız var idi, sərxoş idi. Həmin qız qışqıra-qışqıra danışırdı. Ceyhun da buna görə o qızla mübahisə elədi. Mən onları ayırdım. Ceyhuna isə həmin qızı tanıdığımı dedim. Daha sonra onlar mənim üstümə gəldilər. Dedilər ki, "sən bu qızı hardan tanıyırsan?" Üstümə gəldilər, beşbarmaq çıxartdılar. Mən də gedib bıçaq götürdüm ki, yenə dava düşsə, gücüm çatmasa, nəsə edə bilim”.
Məhkəmənin növbəti prosesi iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, 2017-ci il martın 5-də Səbail rayonunda yerləşən “Məkan” barında baş verib. Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Qurbanov Ceyhun Rüstəm oğlu həmin barda 1984-cü il təvəllüdlü Paşayev Xəyyam Təyyar oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Daha sonra X.Paşayev hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində o, tutulub.
İlkin araşdırma zamanı məlum olub ki, cinayət saat 05:30 radələrində törədilib. Həmin vaxt barda olan şəxslər arasında mübahisə yaranıb. Mübahisədən sonra X.Paşayev barı tərk edib və daha sonra bıçaqla qayıdaraq 25 yaşlı C.Qurbanova bir zərbə endirib. Ürəyindən ağır xəsarət alan C.Qurbanov təcili tibbi yardım stansiyasında vəfat edib.
Xatırladaq ki, C.Qurbanovun digər qardaşı ötən il yol qəzasında vəfat edib.