Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 767-yə çatıb

30 İyun 2017 17:40 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçən 7 dini icmaya şəhadətnamələr təqdim edilib.

Dövlət Komitəsindən movqe.az-a verilən məlumata görə, tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolunu xüsusi vurğulayan Dövlət Komitəsi sədrinin birinci müavini bildirib ki, dini maarifləndirmə tədbirlərinin təşkilində, dini radikalizmə qarşı mübarizədə dini icmalar da məsuliyyət daşıyır.
Dövlət Komitəsi sədrinin birinci müavini yeni qeydiyyatdan keçən dini icmaları dinimizin, milli-mənəvi dəyərlərimizin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.
Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.
Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.