Dövlət ittihamçısı Aleksandr Lapşinin ittiham aktını elan edib

30 İyun 2017 18:00 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanılması elan olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
A.Lapşin elan olunmiş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmə ona sərbəst ifadə verməsi üçün təklif edib. Lakin A.Lapşin suallara cavab vermək istədiyini söyləyib.
O, Azərbaycanın işğal altında olan ərazilərinə iki dəfə sfərə getdiyini deyib.
Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib. 
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.