"Elektron hökumət" internet portalı istifadəyə verildi

26 Aprel 2012 09:47 (UTC+04:00)

Dünən Azərbaycanda "Elektron hökumət" internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib. Bununla bağlı keçirilən tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, portal "bir pəncərə" prinsipi ilə işləyəcək. Onun sözlərinə görə, portal vasitəsilə göstəriləcək elektron xidmətlərin təxmini siyahısı hazırlanaraq Nazirlər Kabinetinə göndərilib və birinci mərhələdə təsdiqdən keçib: "Artıq portal vasitəsilə əhaliyə xidmətlərin göstərilməsinin vaxtı çatıb. Əsas məqsədimiz odur ki, elektron portal açılandan sonra əhaliyə elektron xidmətlərin göstərilməsinə başlanılsın, onların xidmətlərə olan tələblərini iş müddətində ümumiləşdirib yekunlaşdıraq. Əhalinin arzu və təkliflərini öyrənmək bizə portalın qaneedici səviyyədə işləməsini təmin etməyimiz üçün lazımdır".

Ə.Abbasov qeyd edib ki, Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadə edə biləcək.

Qeyd edək ki, bu ilin aprel ayına qədər portala 16 mərkəzi icra orqanları qoşulub. Onların arasında Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil və Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də var. Nəticədə portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub. portal istifadəyə verildikdən sonra mərkəzi icra orqanlarının portala qoşulması davam etdiriləcək və bütün mərkəzi icra orqanlarının elektron xidmətləri bu portalda əks olunacaq. 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.

Portaldan istifadə edə bilmək üçün "elektron imza" kartına sahib olmaq lazımdır. 3 il müddətinə verilən "elektron imza" kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manata, hüquqi və fiziki şəxslər üçün isə 168 manata təklif olunur. "Elektron imza"nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.