Avtobus sürücülərinə qarşı reydlərdə çoxsaylı qayda pozuntuları aşkarlandı
26 Fevral 2013 10:15 (UTC+04:00)
Yol polisinin dünən Həsən Əliyev, Nüseyn Cavid prospekti,
metronun İnşaatçılar, 20 Yanvar və Koroğlu stansiyası
ətrafında apardığı reyd nəticəsində yol hərəkəti qaydalarını və
dayanma qaydalarını pozan avtobus sürücüləri barədə protokol tərtib
olunub. Bu məlumatı Mövqe.az-a Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov
verib. V. Əsədovun sözlərinə görə, reydlər zamanı 6 avtobus
sürücüsünün avtobusu idarə etmək üçün kateqoriyasının olmadığı
aşkarlanıb. 9 avtobus sürücüsünün isə ümumiyyətlə sürücülük
vəsiqəsinin olmadığı üzə çıxıb: "Dayanacaqdan kənar, ikinci
cərgədə, yolun hərəkət hissəsində dayanan avtobuslar da yol
polisləri tərəfindən saxlanılaraq barələrində protokol tərtib
olunub. Bir avtobusun isə içərisi sərnişinlə dolu yanacaq doldurma
məntəqəsinə daxil olduğu faktı aşkarlanıb. Reydlər zamanı avtobus
sürücülərindən birinin qırmızı işıqda keçdiyi, yol boyu qoşa xəti
kəsməklə qarşı hərəkət istiqamətinə daxil olma, 3 yolayrıcını keçmə
qaydasının pozulması faktları aşkarlanıb".
V. Əsədov aparılan reydlər zamanı taksi sürücülərinə qarşı da
tədbirlərin görüldüyünü söylədi. Onun sözlərinə görə, avtobus
dayanacağında taksi fəaliyyəti ilə məşğul olan 28 taksi sürücüsünə
qarşı protokol tərtib olunub: "Onlardan dördünün ötən həftə bu
qayda pozuntusuna görə, cərimələndiyi üzə çıxıb".
Qeyd edək ki, keçirilən reydlər sərnişinlər tərəfindən rəğbətlə
qarşılansa da, yol polislərinin içərisi sərnişinlə dolu avtobusları
ləngitməsi sərnişinlərin haqlı narazılığına səbəb olur. Dünən axşam
saat 18:55 radələrində Həsən Əliyev küçəsində 133 saylı avtobusun
yol polisi tərəfindən saxlanması sürücü ilə yol polisi arasında
mübahisə yaratdı. Avtobusdan bu mübahisəni izləyən sərnişinlər 40
dəqiqədən çox sürücünün gəlməsini gözləmək məcburiyyətində
qaldılar. Sərnişinlər yol hərəkəti və sərnişin daşınması
qaydalarını pozan sürücülərə qarşı keçirilən reydi
dəstəklədiklərini söyləsələr də, qayda pozuntusuna görə, yol polisi
ilə sürücü arasında bu cür mübahisələrin yaranmasının onları
ləngitdiyindən şikayətlənirdilər.
V. Əsədov isə qaydanı pozan sürücüyə protokol tətbiq etməyin cəmi
2-3 dəqiqə vaxt aldığını bildirir. Çünki protokolda yol polisi
ancaq qaydanı pozan sürücünün ad soyadını, tarixi və törətdiyi
xətanı qeyd edir. Onun sözlərinə görə, bu cür mübahisələrin
yaranmasının günahkarı sürücüdür: "Sürücü onu saxlayan yol polisinə
inadkarlıq göstərir. Əlbəttə, saxlanılan sürücü barədə protokol
tətbiq olunmalı, onun sürücülük vəsiqəsi yoxdursa, avtobus cərimə
meydançasına aparılmalıdır. Çox təəssüf ki, əksər hallarda
sürücülər müxtəlif vasitələrlə yol polisinə müqavimət göstərməyə
cəhd edirlər. Bu isə sərnişinlərin vaxt itkisi ilə üzləşməsinə
səbəb olur".
V. Əsədov avtobus sürücülərinin dayanacaqda saxlamasınının vacib
olduğunu, cip dayanacaqlar olan yerlərdə bu qaydaya xüsusilə əməl
etməli olduqlarını söyləyir: "Bəzən sərnişinlər də bu qaydanı
pozaraq avtobusun saxlayacağı yerdə dayanaraq avtobusun dayanacağa
daxil olmasına mane olurlar. Biz dünən apardığımız reydlər zamanı
da sərnişinlərə başa saldıq ki, avtobusu səkidə gözləməlidirlər.
Avobus dayanacaqda dayandıqdan sonra onlar səkidən birbaşa avtobusa
rahatlıqla minə bilərlər. Çox təəssüf ki, buna çətinliklə nail
olsaq da, az keçməmiş eyni vəziyyəti müşahidə etdik. Ona görə, də
marifləndirmə işləri aparmaqla, eləcədə, ictimai qınaq metodu ilə
biz yol hərəkəti iştirakçılarına bu qaydalara əməl etmək vərdişləri
aşılamalıyıq".