Sumqayıt hadisələrindən 25 il ötür
28 Fevral 2013 08:07 (UTC+04:00)
Bu gün Sumqayıt hadisələrindən 25 il ötür. 1988-ci ilin fevralın
27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar
nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə
azərbaycanlı olub.
Hər il bu hadisələrin ildönümü yaxınlaşanda erməni təbliğat maşını
bütün gücü ilə işə düşür və azərbaycanlılar vəhşi, ermənilərə qarşı
milli dözümsüzlük nümayiş etdirən bir xalq kimi təqdim olunur.
Əslində isə bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin
ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi
ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək
üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard
Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrin təşkilatçısı
kimi azərbaycanlı Əhməd Əhmədov edam edilib, amma şahid ifadələri
əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu
sübut edir.
Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs
avtovoğzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi
gəldiyini və orada azərbaycanlı qadınları elektrik dirəklərinə
mıxla vurulduğunu deyərək onları qızışdırıb.
Dövlət ittihamçısı Aslan İsmayılov Qriqoryan üçün ömürlük iş istəsə
də bu qəbul olunmayıb. Sumqayıtda keçirilmiş məhkəmə proseslərində
azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət
ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf
Nəcəfalıyev haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə bağlı
təklifi də qəbul olunmayıb və o prosesin gedişində vəfat edib.
Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə Moskvada keçirilmiş
məhkəmənin qərarı ilə edam olunub.
Əhməd Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta
yetirmək üçün istintaqçılar həmin gün əynində əslində boz kostyum
olmuş Əhmədovdan guya üzərində qan ləkələri olan qara kostyumda
olması ilə bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə ortaya
çıxarılıb. Qeyd edək ki, sumqayıtlılar da Əhməd Əhmədovun
cinayətkar olmadığına çoxdan inanır. Onun yaşadığı həyətdə qurulmuş
xatirə bulağı xalqın artıq Əhməd Əhmədova bəraət verdiyini
göstərir.