Bu ilin iki ayında 6 nümunədən 5-də quduzluq xəstəliyi aşkarlanıb
28 Fevral 2013 11:18 (UTC+04:00)
"Ölkədə ötən illə müqayisədə quduzluğa yoluxma halları azalıb".Bu
məlumatı Movqe.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin
rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, ötən il quduzluğa
görə 56 nümunə götürülüb. Bu nümunələrdən 18-də quduzluğa yoluxma
halları aşkarlanıb: "2011-ci ildə isə 71 nümunədən 32-də quduzluq
xəstəliyi üzə çıxıb. Statistik məlumatların müqayisəli təhlili
göstərir ki, quduzluğa yoluxma halları ötən illə müqayisədə azalıb.
Bu ilin iki ayı ərzində götürülmüş 6 nümunədən 5-də quduzluq
xəstəliyi aşkarlanıb".
Y. Xanvəli bu ilin yanvar ayından başlayaraq 250 min baş itin
quduzluğa görə vaksinasiyasına başlanıldığını bildirdi. Onun
sözlərinə görə, sahibsiz itlərin və vəhşi heyvanların quduzluğa
qarşı peyvənd edilməsi yaxın gələcəkdə öz həllini tapacaq. Y.
Xanvəli sahibsiz heyvanların oral yolla (yemləmə üsulu)
vaksinasiyasının aparılması ilə bağlı layihənin beynəlxalq
ekspertlərdə olduğunu, oral yolla vaksinasiyanın keyfiyyəti,
müddəti və sair məsələlər dəqiqləşdikdən sonra vəsait ayrılması
üçün hökumətə təqdim ediləcəyini bildirdi.