Moskva Qəbələ RLS-i ABŞ-a qarşı yönəldir
30 Noyabr 2011 14:00 (UTC+04:00)
ABŞ və Rusiya arasından getdikcə daha gərgin xarakter almağa
başlayan raket ziddiyyətidə Azərbaycanın da yer alması istisna
edilmir. Daha doğrusu Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-dən
Rusiyanın ABŞ və NATO-ya qarşı faydalanacağı gözlənir. Bu da öz
növbəsində sözügedən stansiyaya qarşı Qərbin baxış bucağının
dəyişməsi deməkdir.
Hadisələrin real gedişi isə göstərir ki, ABŞ və Rusiya arasında
raket qalmaqalı daha təhlükəli xarakter almağa başlayır. Moskva
ABŞ-ın Avropada raket əleyhiən müdafiə sistemi quraşdırmasına açıq
narazılıq bildirir.
Rusiya prezidenti Dmitri Medvedyev deyib ki, ABŞ Avropada
raketlərdən müdafiə planları ilə bağlı ölkəsinin narahatlıqlarını
nəzərə almasa, Moskva öz raketlərini Amerikanın şərqi Avropadakı
obyektlərinə yönəldəcək.
Cənab Medvedyev onu da vurğulayıb ki, Birləşmiş Ştatlarla
raketlərdən müdafiə qalxanının yaradılması ilə bağlı razılıq əldə
edilməsə, Rusiya ölkənin cənub və qərb bölgələrində uzun mənzilli
raketlər yerləşdirəcək.
Rusiya prezidenti həmçinin qeyd edib ki, iki ölkə arasında razılıq
olmayacağı təqdirdə, Moskva Vaşinqtonla yeni START müqaviləsi və
silahlara nəzarətə dair başqa müqavilələrdən çıxmaq məsələsini
nəzərdən keçirəcək. O həmçinin Kalininqrad şəhərində raket
hücumundan xəbərdarlıq sisteminin yaradılması haqda göstəriş
verdiyini deyib.
Ağ Ev Rusiya prezidentinin bəyanatına cavab verərək, ABŞ-ın
raketlərdən müdafiə qalxanının yaradılması planlarından geri
çəkilməyəcəyini bildirib. Birləşmiş Ştatlar NATO-nu və digər
müttəfiqləri İran və Şimali Koreyanın mümkün hücumlarından müdafiə
etmək məqsədilə raket əleyhinə sistemin yaradılmasına çalışır. ABŞ
sistemin müdafiə xarakteri daşıdığını və Rusiyaya qarşı
yönəlmədiyinə israr edir. ABŞ Dövlət Departamentinin mətbuat katibi
Mark Toner vurğulayıb ki, Amerikanın Avropadakı RƏMS sistemi
Rusiyaya qarşı hər hansı şəkildə yönəlməyəcək: "Biz Rusiya ilə
RƏMS-in Avropada yerləşdirilməsi barədə planlarımıza dair açıq və
səmimi olmuşuq. Bizim planlarımız İran tərəfindən bizim
(Avropadakı) tərəfdaşlarımıza qarşı yönələn təhlükənin nəticəsidir.
Rusiyanın hər-hansı əlavə hərbi xarakterli ölçü götürməsinə xırdaca
bir səbəb yoxdur, çünki RƏMS Rusiya ilə ABŞ arasında olan strateji
balansa təsir göstərməyəcək".
Ağ Evin nümayəndəsi Tommi Vaytor isə söz verib ki, ABŞ Rusiya ilə
əməkdaşlığı davam etdirəcək, lakin onu da deyib ki, RƏMS-in
Avropada yerləşdirilməsi üzərində aparılan işlər yaxşı gedir və ABŞ
öz planlarından imtina etməyə heç bir səbəb görmür. NATO-nun baş
katibi Anders Foq Rasmussen isə bəyan edib ki, Rusiyanın
hədələrindən çox təəssüflənib. Onun sözlərinə görə, bu vəziyyət
keçmişi xatırladır və NATO ilə Rusiya arasında tərəflərin səy
göstərdiyi strateji əməkdaşlığa xeyir gətirməyəcək: "İrəliyə gedən
yol əməkdaşlıqdan keçir, qarşıdurmadan yox". Rusiyanın NATO-dakı
daimi nümayəndəsi Dmitriy Roqozinin dediyinə görə, Kreml keçmiş
SSRİ prezidenti Mixail Qorbaçov kimi hərəkət edib, Qərbin şifahi
vədlərinə inanmayacaq":İndiki siyasi hakimiyyət Qorbaçov kimi
hərəkət edə bilməz. Ona ratifikasiya olunmuş yazıli anlaşmalar
lazımdır".
Qey ded əkki, Rusiya Çin və İran kimi NATO əleyhdarları olan
dövlətlərin yardımından faydalanmağı da özünün yeni planlarına
daxil edib. Məlumdur ki, Rusiya Tehran və Pekinlə alternativ birgə
raket əleyhinə müdafiə sistemlərinin yaradılması ilə bağlı
danışıqlar aparır. Artıq tərəflər arasında bu mövzuda bir sıra
məsləhətləşmələr keçirilib. Sözügedən dövlətlərin hamısı belə hesab
edir ki, NATO əslində RƏM sistemlərini onlara qarşı yönəldib. Bu
yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin
İrana səfəri zamanı 2 ölkənin bu mövzuda fikirlərinin üst-üstə
düşdüyü aydın olub. Məlumatlara görə, İran, Rusiya və Çin artıq bu
sahədə alyans yaratmaq qərarına gəlib. Mütəxəssislər isə hər 3
ölkənin zenit-raket kompleksləri sahəsində ciddi uğurlara nail
olduğuni bildirərək, RƏM-ə qarşı alternativin yaradılmasının onlar
üçün çətinlik yaratmayacağını düşünürlər. İran, Rusiya və Çinin
birgə alyans yaratması fonunda Qəbələ RLS-in də buraya daxil
ediləcəyi heç bir şübhə doğurmur. Nəzərə alsaq ki, Qəbələ RLS böyük
kəşfiyyat imkanlarına malikdir, onda onun bu imkanlarından
faydalanmağa Rusiya ilə yanaşı, Çin və İranın da maraqları böyük
olacaq. Bu isə o deməkdir ki, İran, Rusiya və Çin birgə RƏM alyansı
formalaşdıracağı halda Qəbələ RLS-dən Qərb dövlətlərinə, o cümlədən
NATO-ya, ABŞ-a qarşı istifadə olunacaq.
Onu da qeyd edək ki, Rusiya tərəfindən icarəyə götürülmüş Qəbələ
Radiolokasiya Stansiyasının təmiri yaxın iki il ərzində başa
çatacaq. 2013-cü ilədək stansiyanın texniki imkanlarının bir neçə
dəfə artırılması, lakin bu zaman ətraf aləmə təsirini minimal həddə
endirməyə imkan verən ən müasir avadanlıqla təchiz edilməsi
planlaşdırılır. Hazırda stansiyada əsaslı rekonstruksiya işləri
aparılır, avadanlıq, antenalar dəyişdirilir. Bununla əlaqədar RLS
tam gücü ilə fəaliyyət göstərmir.