Miqrantlarla bağlı böyüyən problem
1 Mart 2013 07:29 (UTC+04:00)
Bu gün ölkəmizdə təqribən yarım milyona yaxın miqrantın olduğu
bildirilir. Onların isə böyük bir hissəsi əmək fəaliyyəti ilə
məşğul olanlardır. Dünyanın əksər ölkələrində adətən, əmək
miqrantlarının məvacibləri yerli işçilərin maaşlarından aşağı olur.
Ancaq burada da istisnalar var. Yəni, bu gün ölkəmizdə elə
miqrantlar var ki, onların aylıq əmək haqqı yerli vətəndaşın
məvacibindən çoxdur.
Bəzən bu fərq hətta dəfələrlə də ölçülə bilir. Amma onu da əlavə
edək ki, bu cür fərq əsasən neft sektorunda fəaliyyət göstərən
işçilərin əmək haqlarında özünü göstərmiş olur. Miqrasiya
məsələləri üzrə ekspert Azər Allahverənov da təsdiq edir ki,
faktiki olaraq bu gün Azərbaycanın neft sənayesində çalışan bəzi
miqrantların məvacibləri yerli mütəxəssislərin məvaciblərindən
nisbətən çox yuxarıdır: "Maaş cədvəlinin bölgüsü də xarici şirkətin
müvafiq qurumları tərəfindən təyin olunur. İstər - istəməz də bu
təyinatlar verilərkən bu və ya digər mütəxəssisin hansı qabaqcıl
texnologiyalara, təcrübə və ixtisas etibarı ilə yerinə yetirdiyi
işlərə nə dərəcədə uyğunluğu nəzərə alınır. Nəticədə elə olur ki,
xarici şirkətlərin xətti ilə gətirilmiş yeni neft texnologiyalarına
cəlb olunmuş xarici mütəxəssislər həmin texnologiyaların
daşıyıcıları kimi daha yüksək maaşla dəyərləndirilir. Cədvəl -
məvacib bölgüsündə bu faktor ön plana çəkilir. Əmək haqqı
cədvəlinin yeni texnologiyalar adı altında olan prinsiplərə
uyğunlaşdırılması məvaciblər arasında fərqə gətirib çıxarır. Bundan
başqa, əgər bir mütəxəssis Azərbaycana gələsi olursa, onun burada
olan məvacibi əvvəl çalışdığı ölkədə aldığı məvacibdən yuxarı olur.
Amma həmin sahədə olan yerli mütəxəssislərimiz o qədər məvacib
almırlar. Bu tipli indikatorları nəzərdən keçirəndə həqiqətən də
belə fərqlər var. Ancaq bu faktlar kölgədə qalası məsələ deyil.
Həmin məsələlər hansısa formada öz həllini tapmalıdır. Ən azından
ona görə həllini tapmalıdır ki, bizdə "Əmək miqrasiyası haqqında"
qanun var. Qanunda göstərilir ki, bu və ya digər vəzifəyə əcnəbi o
zaman təyin oluna bilər ki, həmin vakansiya yerli mütəxəssislər
tərəfindən doldurulmayıb. Amma bizdə hansısa xarici şirkət gəlib
Azərbaycanda fəaliyyətini qurarkən, artıq özünün kadrlarını da
gətirir. Sonradan azərbaycanlı mütəxəssisələrə verilən məvacibləri
isə orta əmək haqqı ilə nizamlanır".
Ekspertin sözlərinə görə, miqrantların ümumi sayının artması əmək
bazarına müəyyən gərginliyə səbəb olan bir haldır: "Ona görə də
dövlət bu sahədə siyasətini elə qurur ki, əmək bazarında hansısa
gərginlik yaranmasın.
Kütləvi miqrant axını daxildə işsizlik dərəcəsinin artmasına
gətirib çıxartmasın. Bu sahədə də bizdə siyasət aparılır".
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin üzvü Nərmin İbrahimova bildirir ki, Azərbaycanda olan
beynəlxalq şirkətlərdə yerli işçilərə nisbətən miqrantların əmək
haqlarının çox olmasının müəyyən səbəbləri var: "Birincisi, xarici
mütəxəssis ölkəni tərk etdikdə, onu işə qəbul edən xarici şirkət
həmin mütəxəssisi öz ölkəsində işlədiyi şərtlərdən daha yaxşısını
təklif edir ki, mütəxəssisin öz ölkəsini tərk etmək marağı olsun.
Digər tərəfdən, bir ölkə vətəndaşı xarici ölkəyə gedirsə, bir növ
həyatını da riskə atmış olur. Xaricdə olduqları üçün onların günlük
xərcləri də yerli sakinlərlə müqayisədə çox olur. Ona görə də
xaricdən mütəxəssis gətirilərkən onlara daha çox əmək haqqı
verilir. Bu, normaldır. Belə də olmalıdır".
Xanım İbrahimova bildirir ki, Azərbaycan kimi inkişaf etməkdə olan
ölkələrdə xarici ekspertlərə həmişə ehtiyac var: "Əmək haqqı aşağı
olan yerli mütəxəssis öz ölkəsində yaşayır. Burada insanlar, həyat
şəraitinə artıq öyrəşib. Yox, əgər bir mütəxəssis kimi xaricdə
işləməyə gedirsə, daha yaxşı şərtlər daxilində ölkəni tərk edir.
Hal-hazırda azərbaycanlı tələbə yaxşı mütəxəssis olmaq üçün çalışır
ki, xaricdə təhsil alsın. Bu, onu göstərir ki, bizdə təhsilin
səviyyəsi xaricdəki təhsilin səviyyəsi ilə eyni deyil. Ona görə də
xaricdə təhsil almış bir tələbə Azərbaycandakı BP-yə müraciət
edirsə, onlar yerli mütəxəssisə yox, həmin tələbəyə üstünlük
verəcəklər. Burada yerli - əcnəbi prinsipi əsas tutulmur. Əsas
söhbət, işin keyfiyyətli görülməsindən gedir ki, burada da adətən
xaricilər daha yaxşı mütəxəssis qəbul edilir. Çünki çox hallarda
onların təcrübəsi daha böyük olur. Bundan başqa, Azərbaycanda
şirkətlər işçilərini treninqlərə cəlb edirlər. Adətən, beynəlxalq
şirkətlər yerli mütəxəssisləri ingilis dili kurslara cəlb edir və
hətta onlara aylıq maaş da verir. Bunların hamısı şirkət üçün əlavə
vəsaitdir. Ona görə şirkət yüksək əmək haqqı müqabilində peşəkar
xarici mütəxəssislərə daha çox üstünlük verir, nəinki yerli
mütəxəssislərə əlavə vaxt və vəsait xərcləsin. Xarici mütəxəssis
gördüyü işin müqabilində yüksək maaş alır. Bu, onun işinin
səmərəliliyi ilə birbaşa asılıdır. Digər tərəfdən, əgər söhbət
Pakistan, Çin kimi ölkələrdən gələn ucuz işçi qüvvəsindən gedirsə,
o zaman imiqrantlar yerli işçi qüvvəsini sıxışdırır. Abşeron
yarımadasında yaşayış şərtləri bahadır və əhali burada sıx
yerləşib. Yerli işçi qüvvəsi təklif olunan daha az əmək haqqına
qane olmur. Lakin imiqrantlar çox aşağı şərtlər və aşağı əmək haqqı
ilə işləyirlər. Nəticədə yerli işçi qüvvəsi imiqrantlarla rəqabət
apara bilmir".