RGEM-i bərbərxana və gözəllik salonlarında QİÇS təhlükəsindən narahatdır

1 Mart 2013 11:10 (UTC+04:00)
"Ötən il yoxlama aparılan bərbərxana və gözəllik salonlarından 14-də nöqsanlar aşkarlanıb. Bu iaşə obyektlərindən 8-i bağlanıb". Bu sözləri Movqe.az-a açıqlamasında  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri Ziyəddin Kazımov verib. Onun sözlərinə görə, bərbərxana və gözəllik salonlarında qanla keçə biləcək QİÇS, hepatit və sair təhlükəli xəstəliklərin yayılması ilə bağlı narahatçılıqlar hələdə qalmaqdadır. Z. Kazımov buna səbəb kimi gözəllik salonlarının əksəriyyətində püxtələşməmiş, ustaların yanında tələbə kimi öyrənən gənc qız və oğlanların profilləri üzrə çalışmamalarını və epidemik rejimə əməl etməmələrini əsas gətirdi: " Çox təəssüf ki, son vaxtlar bərbərxana və gözəllik salonlarında hələ saç kəsməyi, manikür etməyi öyrənənlər əllərində sənədləri olmadan, tibbi müayinələrdən keçmədən müştərilərə xidmət göstərirlər. Hətta salonda dizenfeksiya aparılması üçün lazımi məhlullar olsa da, onlar hər dəfə müştərini yola saldıqdan sonra hansı alətin hansı məhlulla təmizləndiyini bilmədiklərindən özləri də bilmədən təhlükəli xəstəliklər yaya bilərlər".
Z. Kazımovun sözlərinə görə, bərbərxana və salonlarda əksək yumşaq invertarlar birdəfəlik olmalı, dizenfeksiya aparmaq üçün salonda qiqasept (lezitol), Preasit olmalı, eləcə də hər müştəri qəbul etdikdən sonra alətlər akfoset adlı məhlulla dezinfeksiya edilməlidir: "İçəridəki avadanlıqlar teralin adlı məhlulla təmizlənməlidir. Bəzi salonlarda bu  məhlullar olsa da, təyinatı üzrə istifadə edilmir".
Z. Kazımov Bakıda hər rayon ərazisində təxminən 60-100-ə yaxın bərbərxana və gözəllik salonunun fəaliyyət göstərdiyini, bəzən rayon GEM-lərinin bütün bu iaşə obyektlərinin hamısını hər ay yoxlamağın mümkünsüz olduğunu söylədi.