Dönərxanalarda mənşəyi naməlum olan çiy ət aşkarlanıb
1 Mart 2013 13:30 (UTC+04:00)
"Paytaxtda 7 dönərxananın fəaliyyəti dayandırılıb. Həmin
dönərxanara ötən il də təsdiq edilmiş "Dönər-kabab. Ümumi texniki
şərtlər" dövlət standartının tələblərinə riayət etmələri üçün vaxt
verilib".
Bu məlumatı Movqe.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı verib.
Onun sözlərinə görə, "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət
standartının tələblərinin yoxlanılması üçün paytaxt
dönərxanalarında aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar
aşkarlanıb. Dönər istehsalı və satışı məşğul olan dönərxanalarda
yoxlamalar zamanı bəlli olub ki, dönər hazırlanması üçün istifadə
edilən çiy ətin mənşə sertifikatı yoxdur. Həmçinin yoxlama
zamanı istehsal prosesinin aparılması üçün standartların
tələblərinə uyğun olmayan dönərxanalar da aşkarlanıb".
F. Talıblı dönərxanalarda yoxlamaların bu gün də davam
etdirildiyini söylədi. Onun sözlərinə görə, təkcə ötən il 30-a
qədər dönərxananın fəaliyyətinə xitam verilib.
Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinin 10 oktyabr 2012-ci il tarixli 106 nömrəli əmri ilə AZS
744-2012 "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartı
təsdiq edilib. Standartın tətbiq vaxtı 15 oktyabr 2012-ci il
tarixindən müəyyən edilib. Amma hələdə əksər dönərxanalarda dönər
istehsalı və satışı bu standartın tələbinə uyğunlaşdırılmayıb. Bu
standartın tələblərinə uyğun olaraq dönər ictimai iaşə müəssisələri
üçün sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş
qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə
hazırlanmalıdır. Standarta əsasən dönərdə xörək duzunun kütlə payı
2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura
üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş
çəkinin 50%-ni təşkil etməlidir (misal üçün, resepturada 200 qram
qeyd olunubsa, ətin kütlə payı 100 qramdan az olmamalıdır).
Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez
xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara
riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə
icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya
qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu
65 dərəcə C-dən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan
istehlak müddəti ən çoxu 1 saatdır. Standartda həmçinin dönərin
hazırlanması üçün xidmət göstərən personala olan tələblər də qeyd
edilib. Belə ki, personal QOST 30524 tələblərinə cavab verməlidir
və qüvvədə olan sanitar norma və qaydalara riayət etməlidir.