Avtobus sürücülərinin "cib" dərdi

1 Mart 2013 15:25 (UTC+04:00)
Son günlər paytaxtda avtobus sürücülərinə qarşı keçirilən reydlər dayanacaqlarla bağlı daha bir problemi gündəmə gətirdi. İkinci cərgədə, yolun hərəkət hissəsində avtobusları saxlayan sürücülər buna görə yol polislərinin keçirdikləri reydin hədəfinə tuş gələrək cərimələndilər. Dayanacaq olsa belə, ikinci cərgədə, yolun hərəkət hissəsində dayandıqlarına görə yol polisləri ilə mübahisələri düşən sürücülər özlərinə haqq qazandırmağa çalışsalar da onların sözünü dinləyən olmadı. Yol polisi sərnişin avtobuslarının ikinci cərgədə saxlamasının qadağan olduğunu deməkdə, sürücülər isə dayanacaqda avtobusu saxlamaq üçün yer olmadığını əsas gətirməkdə haqlı idi. Yaranmış vəziyyət bir daha paytaxtda quraşdırılmış yeni, müasir elektron tablosu olan dayanacaqların bir qüsurunun olduğunu üzə çıxartdı-Cib dayanacaqların azlığı problemini. Bu gün paytaxtda xüsusilə yeni salınmış yollarda çib dayanacaqlar olsa da, onların azlığı həm sərnişinlərə, həmçinin də sürücülərə  problem yaradır. "Nəqliyyatçıların Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Məzahir Rüstəmov deyir ki, çib dayanacaqların azlığı paytaxt yollarında problemlər tıxaclara da səbəb olur: "Dayanacaqların çoxu elə quraşdırılıb ki, avtobusun bir qədər kənara çıxıb sərnişin düşürdüb-mindirməsinə imkan olmur. Naəlac qalan sürücü yolun hərəkət hissəsində dayanaraq sərnişinlərin düşüb-minməsini gözləməli olur. İki avtobus bu cür dayandıqda, artıq arxadan gələn avtobusun gözləməyə yeri olmur. Naəlac sürücü keçir yolun ikinci hərəkət hissəsində saxlayır. Bu isə tıxacın yaranmasına səbəb olur. Arxadan gələn maşın məcbur olur ki, avtobusun tərpənməsini gözləsin".
M. Rüstəmov bildirir ki, cib dayanacaqların azlığı sərnişinlərin həyatı üçün də təhlükə yaradır: "Sərnişin ikinci hərəkət yolunda saxlayan avtobusdan düşdükdə, hər an həyatı təhlükə altına düşə bilər. Ötmə əməliyyatı edən maşın belə halda sərnişini vura da bilər. Ona görə də, cib dayanacaqlar sərnişinlərin həyatı üçün təhlükəni azaldır".
M. Rüstəmov deyir ki, bu gün cib dayanacaqların azlığının bir səbəbi də belə dayanacaqların yaradılması üçün yollarda imkanın olmamasıdır: " Yollarımız elə yerlər var ki, dar olduğundan orada cib dayanacaq yaratmaq mümkün deyil. Bəzən isə yol kənarlarının zəbt olunması bu dayanacaqların yaradılmasını əngəlləyir. Ona görə də, düşünürəm ki, yollar əsaslı təmir olunarkən cib dayanacaqların yaradılması üçün şərait yaradılmalıdır". Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov da cib dayanacaqların vacibliyini vurğulayır. Onun sözlərinə görə, bəzən cib dayanacaq olan yerlərdə də avtobuslar iknci cərgədə saxlamalı olur. Buna səbəb isə həmin dayanacaqların taksi sürücüləri və şəxsi minik avtomobilləri tərəfindən zəbt olunmasıdır: "Biz reydlər zamanı belə taksi sürücülərinə qarşı tədbirlər görürük, çox təəssüf ki, biz gedən kimi onlar yenidən dayanacaqları zəbt edirlər. Bu isə sürücünü ikinci cərgədə saxlamağa vadar edir".
Amma V. Əsədov cib dayanacaqlar olan yerlərdə sərnişinlər səkidə dayanarsa səliqə-səhman yaratmağın mümkün olduğunu söyləyir: "Bəzən sərnişinlər də bu qaydanı pozaraq avtobusun saxlayacağı yerdə dayanaraq avtobusun dayanacağa daxil olmasına mane olurlar. Biz reydlər zamanı da sərnişinlərə başa salırıq ki, avtobusu səkidə gözləməlidirlər. Avobus dayanacaqda dayandıqdan sonra onlar səkidən birbaşa avtobusa rahatlıqla minə bilərlər. Çox təəssüf ki, buna çətinliklə nail olsaq da, az keçməmiş eyni vəziyyəti müşahidə edirik. Ona görə, də marifləndirmə işləri aparmaqla, eləcədə, ictimai qınaq metodu ilə biz yol hərəkəti iştirakçılarına bu qaydalara əməl etmək vərdişləri yaratmalıyıq".
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Namiq Həsənov isə deyir ki, yaxın gələcəkdə bu problem öz həllini tapacaq: "Biz çalışırıq yeni salınan, əsaslı təmir olunan yollarda cib dayanaqlar olsun. Bu avtobusların digər hərəkət iştirakçılarına mane olmasının qarşısını alır".