Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirib
1 Mart 2013 15:21 (UTC+04:00)
1 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft
Fondu tərəfindən alınmış London Qiymətli Metallar Bazarı
İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton
qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz
şirkəti tərəfindən Azərbaycana gətirilmişdir və müvəqqəti
saxlanılmaq üçün Azərbaycan Respublikası Mərkəzi Bankında
yerləşdirilmişdir. Bununla da Neft Fondu tərəfindən ölkəyə
gətirilmiş qızılın ümumi miqdarı təxminən 3 tona (96 450 troya
unsiyası) çatdırılmışdır.
1 mart 2013-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil
edilmiş qızılın ümumi miqdarı 17 422 kq (560 145 troya unsiyası)
təşkil edir.
Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə
ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz
ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı
Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması,
səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını
təmin etmək məqsədilə yaradılmışdır. Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli
Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət
Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi
və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq
qəbul edilmiş yeni investisiya siyasətinə əsasən investisiya
portfelinin məcmu dəyərinin 5 %-ə qədəri qızıla investisiya edilə
bilər. 01 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi
həcmi 34 129,4 mln. ABŞ dolları təşkil edir.