Mehriban Əliyeva Bakının Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində sakinlərlə görüşüb

2 Mart 2013 09:55 (UTC+04:00)

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Bakının Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində olub. Movqe.az-ın xəbərinə görə, Binə qəsəbəsindəki İmam Rza məscidində olan M. Əliyeva burada sakinlərlə görüşüb. Birinci xanım sakinləri dinləyib, məsələlərin həlli istiqamətində tövsiyələrini verib. M. Əliyeva Binədə yeni məktəblərin tikildiyini, mədəniyyət evinin, kitabxananın yenidən qurulduğunu, işıq və qaz xətlərinin çəkildiyini qeyd edib. M. Əliyeva qəsəbədəki məscidin yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, 2012-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanılmış məscid binası bu ilin birinci yarısında təhvil veriləcək. Birinci xanım daha sonra Binə qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında olub. 1986-cı ildə tikilən bağçada indiyə qədər heç vaxt əsaslı təmir işləri aparılmayıb. 1993-cü ildən bağçada məskunlaşmış qaçqın və məcburi köçkünlər bu il yeni mənzillərlə təmin ediliblər. 285 nömrəli bağça ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsi olduğu və tələbat artdığı üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada uşaq bağçası üçün yeni binanın inşası nəzərdə tutulub. Rürkan qəsəbəsində də sakinlərlə görüşən birinci xanım burada artıq ikinci bağça binasının inşasına başlanıldığını deyib. M. Əliyeva bildirib ki, Xəzər rayonunun bütün məktəbləri yeni, müasir standartlara uyğun qurulub. Gələcək illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı zəruri addımların atılacağını qeyd edən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, bununla da qəsəbədə yeni iş yerlərinin açılmasına nail olunacaq. Daha sonra M. Əliyeva qəsəbədə tikilməkdə olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə tanış olub. Ona məlumat verilib ki, ötən ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub. Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinə də baş çəkən birinci xanıma məktəbin 1963-cü ildə inşa olunduğu, hazırda burada 130 şagirdin təhsil aldığı, binanın əsaslı təmirə ehtiyacı olduğu bildirilib. M. Əliyeva internat məktəbinin yenidən qurulması ilə bağlı tövsiyələrini verib. Daha sonra birinci xanım qəsəbə sakinləri ilə görüşüb, Şüvəlanda həyata keçirilən layihələrin uğurla davam etdirildiyini deyib. O qeyd edib ki, sosial problemlər həllini tapmaqla yanaşı, təhsil ocaqları, məktəbəqədər müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. Heydər Əliyev Fondunun prezidenti Şüvəlandakı sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbinə də gedib. 1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil alır. Bu müəssisə də yararsız vəziyyətə düşüb, binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac var. M. Əliyeva bu internat məktəbinin də yenidən qurulacağını bildirib. M. Əliyeva internat məktəbində təhsil alan uşaqlara da baş çəkib, onların əl işləri ilə tanış olub. Birinci xanım Buzovna qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçasına da baş çəkib. 1985-ci ildə inşa edilən və indiyədək əsaslı təmir işləri görülməyən bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6 yaşlı uşaqlar üçün ixtisaslaşıb. Uşaq bağçası istifadə üçün yararsız vəziyyətdədir, istilik sistemi yoxdur. M. Əliyeva bildirib ki, Heydər Əliyev Fondu bu uşaq bağçasının da yenidən qurulmasını nəzərdə tutur.