İran mediasında Azərbaycan, Türkiyə və Atatürk təhqir olunub
2 Mart 2013 10:20 (UTC+04:00)
Fevralın 26-da Təbrizin "Traktor" komandası ilə Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) "Əl-cəzirə" klubu arasında keçirilmiş görüşdə
azarkeşlərin ingilis dilində yazılmış "Güney Azərbaycan İran deyil"
plakatını qaldırması hələ də İran mediasının gündəmindən
düşməyib. İranın bir çox saytı, o cümlədən də tanınmış
"Baztab" plakat haqqında yazıb. Saytın yazdığına görə,
plakatı qaldıranlar azarkeş qismində stadiona daxil olan
pantürkistlər olub: "Bəzi pantürkist qruplar illərlə çalışırlar ki,
öz zəif tərəflərini stadionlarda tamaşaçıların arasında
gizlətsinlər. Hətta 2006-cı il May qiyamlarında da onların
çağırışlarına cavab verən olmadı. Hər şeydən əvvəl bilmək lazımdır
ki, bu pantürkist təxribatçıların işidir. Onlar tamaşaçı qismində
stadionlara daxil olurlar. Həmin plakat da bu insanların
təxribatlarından biridir. Bu cür qeyri-adi hərəkətlərilə
qarşı tərəfin əsəbi ilə oynayırlar".
Yazının sonunda oxucuların Azərbaycana, xalqımıza, Türkiyəyə və
Atatürkə aid təhqiramiz şərhləri yerləşdirilib. Şərhlərdə bu cür
təxribatların Azərbaycan Respublikası və Türkiyə tərəfindən
dəstəkləndiyi yazılıb. Saytda təhqirlərin yerləşdirilməsi İranda
yaşayan soydaşlarımızın da ciddi narazılığına səbəb olub. Onlar
şərhlərə çox sayda etiraz cavabları yazaraq sayta ünvanlasalar da,
"Baztab" həmin şərhləri yerləşdirməyib. Qeyd edək ki, Asiya
Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində
Təbrizin "Səhənd" stadionunda yerli "Traktor" futbol komandası
"Əlcəzirə" ilə qarşılaşıb. 72 min nəfərlik stadionu 100
mindən çox azarkeş dolduraraq 90 dəqiqə boyunca "Yaşasın
Azərbaycan!", Azərbaycan var olsun istəməyən kor olsun!", "Türk
dilində mədrəsə!" şüarları səsləndirib, ingilis dilində "South
Azerbaijan is not İran!" və "1992 Khojali Genocide" plakatlarını
qaldırıblar.