Flora Kərimova klassik musiqi alətlərinin əhatəsində

26 Aprel 2012 12:12 (UTC+04:00)

Xalq artisti, müğənni Flora Kərimova simfonik orkestrın müşayiəti ilə yeni mahnı ifa edəcək. Bu barədə Movqe.Az xəbər portalına mahnının müəllifi bəstəkar Tural Məmmədli məlumat verib. Bəstəkarın sözlərinə görə, mahnı klassik musiqi alətlərinin müşayiti ilə dinləyicilərin ürəyincə olacaq: "Bu yaxınlarda xalq atisti F.Kərimova yeni mahnımı təqdim edəcəyəm. Mahnı sırf klassik musiqi alətlərinin, yəni simfonik orkestrın müşayiəti ilə ifa olunacaq. Klassik musiqi alətlərinin müşayiəti ilə səslənəcək mahnı, dinləyicilərin ürəyincə olacağına şübhə etmirəm", - T.Məmmədli dedi.

T.Məmmədli onu da qeyd etdi ki, Azərbaycan estradasının tanınmış simaları müğənnilər Xatirə İslam, Zamiq ("Yağış"), Elvin Abdullayev ("Gəl, desəm!") və başqaları onun bəstələrinin ifaçılarıdır.

Bəstəkar əsasən klassik mahnı yaradıcılığı ilə məşğul olduğu üçün bu istiqamətdə gördüyü işlərdən danışdı:"Yaradıcılığımda əsasən estrada janrı deyil, klassik mahnı janrı yer tutur. Mahnılara da müraciət edirəm. Amma bu il müəllimim Nazim Mirişlinin köməkliyi ilə simfonik orkestr üçün simfoniyam işıq üzü gördü. Bundan başqa, fortepiano üçün əsərlərim də hazır oldu. Klassik bəstəkarlıqla məşğul olduğum üçün təhsilimi Fransada Paris Konservtoriyasında davam etdirməyi düşünürəm. Bunun üçün müəyyən işlər gedir", - T.Məmmədli bildirdi.

Fuad Mədətov

Movqe.Az