Faiq Şahbazlı: " TQDK-nın 4-cü sinif üzrə 3 dərsliyi məqsədəuyğun hesab etməməsi bu dərsliklərin yararsız olması demək deyil"
4 Mart 2013 11:49 (UTC+04:00)
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) respublikanın
ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün daha 3 dərsliyin -
"Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin
tədrisdə istifadəsini məqsədəuyğun hesab etməməsi ilə bağlı məktubu
Təhsil nazirliyinə hələki gəlib çatmayıb. Odur ki, biz hələki bu
barədə fikir bildirə bilmərik". Bu sözləri Movqe.az-a Təhsil
Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı
deyib. F. Şahbazlı bildirib ki, TQDK-nın 4-cü sinif üzrə 3 dərsliyi
tədrisdə istifadəsini məqsədəuyğun hesab etməməsi bu dərslikləri
yararsız olması demək deyil: "Dərsliklərin Qiymətləndirmə Şurası
var, müəlliflər var. Yəqin ki, bizə rəyi göndərdikdən sonra onlar
öz sözlərini deyəcəklər".
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin
ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün daha 3 dərsliyin -
"Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi" dərsliklərinin
tədrisdə istifadəsini məqsədəuyğun hesab etməyib. TQDK-dan APA-ya
verilən xəbərə görə, respublikanın ümumtəhsil məktəblərinin 4-cü
sinifləri üçün "Azərbaycan dili" dərslik komplekti ilə bağlı
TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində
bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla
formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası qərara alıb ki,
"Azərbaycan dili 4" dərsliyinin (müəlliflər: R. İsmayılov, S.
Abdullayeva, D. Cəfərova, X. Qasımova) respublikanın ümumtəhsil
məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və dərslik
yenidən hazırlanmalıdır.
Ekspert Şurasının qərarında qeyd olunur ki, "Azərbaycan dili"
dərsliyin məzmununda, dil qaydalarının, oxu materiallarının
təqdimində, seçimində qüsurlar özünü göstərir. Bir çox məqamlarda
orfoqrafiya və durğu işarələri ilə bağlı yanlışlığa yol
verilib. 4-cü sinifdə dil qaydaları az olsa da, qənaətbəxş və
nizamlı deyil, bir çox hallarda lazımsız qaydalar verilib. Mətnlərə
aid tapşırıqlar Azərbaycan dili üzrə məzmun standartlarının
reallaşmasına ciddi kömək etmir. Dil qaydalarının müvafiq nitq
bacarıqlarına çevrilməsi yoxdur. Dərslikdə tez-tez pulla bağlı
humanistlik mövzusuna müraciət olunur. Rəydə bildirilir ki,
maddiyyat məsələlərinin bu qədər qabardılması məqsədəuyğun deyil.
Bir neçə məqamda isə illüstrasiyalar münasib sayılmayıb.
"Riyaziyyat" dərsliyində qeyd olunur ki, dərslik təhsil proqramını
(kurikulumu) tam əhatə etmir. Proqramdan çoxlu sayda kənaraçıxmalar
var. Anlayışların təqdimatı və materialların verilməsi zamanı bir
çox hallarda şagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə
alınmayıb. Dərslikdə riyazi terminlər harada gəldi və təhrif
edilmiş şəkildə verilib. Dərsliyin Azərbaycan və rus variantlarında
xeyli uyğunsuzluqlar var. Elə təəssürat yaradır ki, bunlar sanki
ayrı dərsliklərdir. Dərslikdə çoxlu sayda struktur xətaları var.
Çoxlu sayda elmi-pedaqoji səhvlər və dil-üslub xətaları var.
Dərsliyin tərtibatı nöqsanlıdır".
Qərarda "Həyat bilgisi" dərsliyindəki çatışmazlıqlar da öz əksini
tapıb: ""Həyat bilgisi" dərsliyi rəsmi dövlət sənədlərinə – tədris
planına və fənn kurikulumuna uyğun hazırlanmadığına, müəlliflərin
subyektiv mülahizələrinə əsaslandığına görə standartlarda təsbit
olunmuş bilik, bacarıq, vərdiş və dəyərləri onun əsasında
formalaşdırmaq praktiki cəhətdən qeyri-mümkündür". Dərsliyə çoxlu
sayda iradlar bildirilib və onlar müəlliflər tərəfindən qəbul
olunmayıb.