Azərbaycan və Türkiyəyə xəyanət edənlər cəzalanacaq

3 Oktyabr 2017 07:00 (UTC+04:00)

Bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək oradan Azərbaycana qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün qəbuledilməzdir. Belə vəziyyətdə gözləmək olramı ki, Türkiyə həmin şəxslərə qarşı cəza tədbirləri görsün və onları Aleksandr   Lapşin kimi tutub Azərbaycana təhvil versin? Çünki Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. 

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, qanunsuz olaraq işğal olunmuş ərazilərimizə səfər edən Türkiyə vətəndaşlarının məsuliyyətə cəlb edilməsi məsələsi hər iki qardaş ölkənin müvafiq qurumlarının gündəmindədir: “Özlərini ziyalı kimi təqdim edən, biri keçmiş millət vəkili olan 4 Türkiyə vətəndaşının Ermənistan, oradan da qondarma Dağlıq Qarabağ rejimi olan əzaiyə daxil olmaları, orada görüşlər keçirərək, bir çox hallarda Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirmələri təbii ki, iki qardaş ölkənin ictimaiyyəti arasında böyük narazılığa səbəb olub. 
Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğu Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə, xüsusən də dövlət sərhədini qeyri-qanuni keçməklə bağlı cinayət işi açıb. Ağır Cinayətlər üzrə Məhkəmədə də bununla bağlı istintaq prosesinə başlanılıb. Həmçinin, məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu Türkiyənin müvafiq dövlət qurumlarına məlumat verib. Bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi deməli, hər iki dövlətin müvafiq qurumlarının gündəliyinə gəlib. 
İndiki halda məsələ ilə bağlı iki versiya nəzərdən keçirilə bilər. Birinci versiyaya görə, Türkiyənin özü Azərbaycan tərəfinin qaldırdığı məlum məsələ ilə bağlı həmin şəxslərə cinayət işinin qaldırılması istiqamətində vəsadətə baxır və qardaş ölkənin qanunvericiliyinə əsasən, onlar məsuliyyətə cəlb edilirlər. İkinci versiyaya görə, bu şəxslər  Azərbaycan qanunlarını pozduğundan, eyni zamanda ölkəmizlə Türkiyə əleyhinə fikirlər səsləndirdiklərindən, bu halda onların Bakıya təhvil verilməsi proseduruna başlanıla bilər. 
Hüquqi baxımdan bu mümkündür. Azərbaycan Xarici İşlər Nazirliyinin bu halda həmin şəxsləri persona-non-qrata siyahısına əlavə etdiyini də nəzərə alsaq, onların bizə təhvil verilməsi və ölkəmizin qanunvericiliyinə uyğun surətdə məsuliyyətə cəlb edilmələri prosesi də baş verə bilər. Həmin iki versiyadan hansının reallaşacağını söyləyə bilmirəm. Amma hər halda Türkiyə dövləti və ictimaiyyəti məsələ ilə əlaqədar artıq öz mövqeyini bildirib. Həmin mövqe də bu şəxslərin əməllərinin pislənilməsilə bağlıdır. Belədə hüquqi müstəvidə məsələnin özünün  hansı həll yolunu tapacağını gözləyirik”.
Rüfət NADİROĞLU