Şövkət Məmmədovanın 120 illik yubileyi keçiriləcək

3 Oktyabr 2017 11:24 (UTC+04:00)

2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın anadan olmasının 120 illiyi tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən Movqe.az-a  verilən məlumata görə, Azərbaycan Prezidentinin “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” 11 iyul 2017-ci il tarixli, 3059 nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə 7 oktyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında Ş.Məmmədovanın 120 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Yubiley gecəsində Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış vokalçıların ifasında Azərbaycan və Avropa bəstəkarlarının operalarından məşhur ariyalar səslənəcək.

Ş.Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazıb. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.