İqtisadi inkişafla bağlı yeni vacib mərhələ başlanır

4 Oktyabr 2017 09:00 (UTC+04:00)

Gələn il sürətli iqtisadi inkişaf ili olacaq. Bunu Prezident İlham Əliyev Qobustanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dünyanın aparıcı iqtisadi mərkəzləri də gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf ili olacağını bildirir. Bunu şərtləndirən səbəblər nələrdir? 

İqtisadi və Sosial İnkiaşf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, bir müddət yaşadığımız böhran əlamətlərinin aradan qalxması, ölkə iqtisadiyyatının neftin dünya qiymətlərinə adaptasiya olunması gələn ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı şərtləndirən başlıca amillər olacaq: “Ümumiyyətlə, 2017-ci ildəki stabillikdən sonra 2018-ci ildə ölkədə iqtisadi aktivliyin yenidən bərpa olunacağı proqnozu ilə yalnız Azərbaycan hökuməti deyil, eyni zamanda, digər beynəlxalq maliyyə qurumları da çıxış edib. Nəzərə alsaq ki, beynəlxalq maliyyə qurumları da 2018-ci ildə Azərbaycanda iqtisadi artımın bərpa olunacağını proqnozlaşdırıblar, o baxımdan iqtisadi artım tempinin bərpa olunacağı və gələn il, xüsusən də 2019-cu ildə daha sürətli artımın baş verəcəyini gözləmək olar. 
Beynəlxalq maliyyə qurumları 2019-cu ildə Azərbaycanda TANAP-ın fəaliyyətə başlaması ilə əlaqədar olaraq 4 faizlik iqtisadi artımın olacağını proqnozlaşdırıblar. Fikrimcə, növbəti illərdə ölkə iqtisadiyyatında baş verəcək artımlar Azərbaycan iqtisadiyyatının neftin dünya bazarındakı yeni qiymətlərə adaptasiya olunması və 2015—2016-cı illərdə neftin dünya bazarında qiymətinin aşağı düşməsinin təsirindən yaranan böhran dövrünü cari ildə stabilliklə əvəz edə bilməsi ilə bağlıdır. 2017-ci il, xüsusən fevral ayından etibarən bu mənada daha stabil il kimi qiymətləndirilr. Bu da özünü ölkənin iqtisadi göstəricilərində əks etdirməkdədir. Neftin dünya bazarındakı qiymətinin stabilləşməsi və qeyri-neft sektorunun ölkə iqtisadiyyatındakı payının mərhələli şəkildə artması da növbəti illərdə iqtisadi inkişafın əldə edilməsinə ciddi baza formalaşdırıb. 2017-ci ildə keçirilən islahatlar qeyri-neft sektorunun inkişafı və iqtisadi differensasiya üçün ciddi baza formalaşdırdı. Bu addımlar imkan verir ki, 2018-ci ildə yerli və beynəlxalq proqnozlara uyğun olaraq, sürətli iqtisadi artım tempini yenidən bərpa etmək mümkün olsun”.
Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, gələn il Azərbaycanda sürətl iqtisadi inkişafın olacağı ilə bağlı səslənən fikirlər ölkədə keçirilən iqtisadi islahatların məntiqi nəticəsidir: “Cənab Prezidentin ümumiyyətlə, gələcəklə bağlı söylədiyi fikirlər bir qayda olaraq öz təsdiqini tapır. Çünki ilk növbədə cənab Prezident tərəfindən atılan addımlar öz nəticəsini verməkdədir. Azərbaycanda siyasi sabitliyin yaranması, qanunun aliliyi, ölkənin müstəqil daxili və xarici siyasət yürütməsi öz nəticəsini ilk növbədə iqtisadiyyatda göstərir. 
Cənab Prezidentin sahibkarlar təbəqəsinə qayğı göstərməsi, vergi və gömrük siyasətinin liberallaşdırılması iqtisadi fəallığın yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, iş yerlərinin artmasına səbəb olur. Eyni zamanda, Azərbaycana xarici investisiyanın cəlb edilməsilə bağlı atılan addımlar da öz müsbət nəticəsini verir. Bu baxımdan 2018-ci ilin iqtisadi inkişaf ili olacağına hər hansı bir şübhə qalmır. Bu yaxınlarda Davos İqtisadi Forumunun işçi qrupunun iqtisadi rəqabətliliklə bağlı verdiyi hesabatda Azərbaycanın iki pillə irəliləməsi Cənab Prezidentin 2018-ci ildə sürətli iqtisadi inkişaf ili olacağı ilə bağlı dediklərinin bir daha təsdiqi kimi dəyərləndirmək olar”.
 

Rüfət NADİROĞLU