Texniki spirtlə qəsdimizə duranlar

5 Oktyabr 2017 09:50 (UTC+04:00)

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib ki,  son vaxtlar qanunsuz qazanc məqsədilə etil spirtindən deyil, məişətdə istifadə edilən cihazların təmizlənməsi üçün nəzərdə tutulmuş texniki spirtdən (metanoldan) araq hazırlayırlar. “Bu içkilərin tərkibinə müxtəlif dərman vasitələri qatırlar ki, reaksiya verməsin. Həmin içki etil spirtindən hazırlanmış araqdan kəskin dərəcədə fərqli olur. İnsanın sinir sisteminə daha öldürücü təsir göstərir. Rusiyada araqdan ölüm halları da buna görə baş vermişdi”. Həkim ucuz spirtli içkilərdən uzaq durmağı tövsiyə edib. 

Mütəxəssislərin fikrincə, texniki spirtdən hazırlanan araq insan orqanizmində bir çox xəstəliklərə səbəb ola bilər. Hətta ölümə gətirib çıxarması mümkündür. Tibbi ekspert Rasif Bağırov bildirdi ki, qida məhsulunun hazırlanma üsulunun, texnoloji üsullarının böyük əhəmiyyəti var: “Hazırda dünyada nanotexnologiyadan istifadə edilir. Çünki nanotexnologiya digər texnoloji vasitələrdən daha yaxşıdır. Bunu texniki spirtə aid  etdikdə ortaya dəhşətli mənzərə çıxır. 
Texniki spirt yüksək texnoloji səviyyədə hazırlanmayan spirtdir. Orada yüksək təmizlənmə qaydaları aparılmır. Texniki spirtdə  çoxlu sayıda surroqatlar var. Spirtin tərkibində insan orqanizminə ən çox zərər vuran da məhz surroqatdır. Surroqat aralıq məhsulların toplanmasıdır.  Spirtli içkinin tərkibindən nə qədər az surroqat toplanarsa, orqanizmə bir o qədər az ziyan vurar. Texniki spirt surroqatla kifayət qədər zəngindir. Ona görə də orqanizmdə mümkün olacaq bütün fəsadları yarada bilər. Mədə-bağırsaq qanaxmaları, qaraciyər serrozu, ürək-damar sistemi və s. xəstəliklər  yarada bilər. Ona görə də texniki spirtdən istifadə etmək qadağandır. Amma təəssüf ki, texniki spirt bir yana, satışda saxta spirtlər də var. Marketlərdə satılan ucuz spirtli içkilərin bəlkə də böyük əksəriyyəti texniki spirtdir”. 
Ekspertin sözlərinə görə, bu problemin aradan qaldırılması yalnız maarifləmədən keçmir: “Bu cür spirt satanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Necə ki, MDB-nin bəzi ölkələrində 4-cü sort buğdadan qida vasitəsi kimi satanlara cinayət işi açılır”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, texniki spirti ancaq tibbdə istifadə edilməsi üçün nəzərdə tutulub: “Yəni, texniki spirtindən etil spirti kimi istifadə etmək olmaz. Bunun orqanizmə ciddi fəsadları ola bilər. Sadəcə, müəyyən alokoqolik insanlar içki tapmadıqda ondan istifadə edirlər. Bu da sonda ciddi ağırlaşmalara gətirib çıxara bilər. Ağırlaşma halları qəbul olunan dozadan asılıdır. Odur ki, texniki spirtidən istifadə etmək hətta ölüm faktına qədər gətirib çıxara bilər.
 Ümumiyyətlə, texniki spirtin fəsadları onun tərkibindən asılıdır. Əsasən kimyəvi zəhərlənmə halları yaradır. Bundan başqa, təsirləri tərkibində olan qatqıları sinir sisteminə, ürək fəaliyyətinə, digər həyati vacib orqanların fəaliyyətinə nə dərəcədə təsirindən asılıdır”.
Professorun fikrincə, bu kimi halların qarşısını almaq çətindir: “Nəzərə alaq ki, aptek şəbəkələrində texniki spirtin satışı qadağan deyil. Yəni, insanlar bunu sərbəst şəkildə ala bilirlər. İlk növbədə dərmanlar həkim reseptinə əsasən satılmalıdır. İkincisi isə buna maarifləndirici yollarla nail olmaq olar. Bu işə xüsusi ilə də elektron medianı cəlb etmək vacibdir”.
Mübariz BAYRAMOV