FHN 367 nəfəri təxliyə edib - Son 2 gündə

5 Oktyabr 2017 11:48 (UTC+04:00)

Son günlər yağan intensiv yağışlar nəticəsində Lənkəran və Astara rayonlarının bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, eyni zamanda Lənkəran və Astara çaylarında suyun səviyyəsi artıb.  Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Cənub Regional Mərkəzinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərə xilasetmə işlərini davam etdirir.

 

Oktyabrın 4-ü və 5-də gecə saatlarından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə rayonlarında müxtəlif ünvanlarda köməksiz vəziyyətdə qalmış 367 nəfəri təhlükəsiz yerlərə təxliyə edib. Xilasetmə işləri barədə əlavə məlumat veriləcək.​