AŞ PA-nın payız sessiyasında Azərbaycanla bağlı iki məsələ üzrə müzakirələr aparılacaq

7 Oktyabr 2017 14:44 (UTC+04:00)

Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

Milli Məclisdən Movqe.az-a verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildirlər.

Sessiya 5 gün davam edəcək. Öncə təşkilati məsələlərə baxılacaq. Milli Məclisin deputatı, AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri S.Qafarova qurumun Büro iclaslarına qatılacaq.

AŞ PA-nın plenar iclaslarında Büro və Daimi komitənin inkişafına dair məruzə təqdim olunacaq. Albaniyada parlament seçkilərinin nəticəsi müzakirə ediləcək. “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2016-2017-ci illərdəki fəaliyyəti”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar”, “Gənclər korrupsiya əleyhinə” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

İclaslarda Çexiya və Ukraynanın prezidentləri, AŞ Nazirlər Komitəsinin sədri çıxış edəcəklər.

Sessiyada “İŞİD tərəfindən həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin, yaxud mümkün soyqırımlarının təhqiqatı və cəzalandırılması” məsələsi diqqət mərkəzində olacaq.

Milli Məclisin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.