İlham Əliyev Avstriyanın Milli Şurasının ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

5 Mart 2013 15:35 (UTC+04:00)

Prezident İlham Əliyev Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Movqe.az-ın verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfərini və səfər zamanı aparılan müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün qarşılıqlı marağın yüksək səviyyədə olduğunu qeyd edib. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini vurğulayan dövlətimizin başçısı Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin ölkəmizə səfərinin uğurlu olacağına və əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauer Prezident Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırıb. Son 20 ildə ölkələrimiz arasında münasibətlərin yüksək templərlə inkişaf edərək hazırkı səviyyəyə qalxdığını vurğulayan qonaq 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılmasını və 2011-ci ildə Prezident Haynts Fişerin böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini bunun bariz nümunəsi kimi dəyərləndirıb. Fritz Neugebauer ikitərəfli münasibətlərimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.

Görüşdə Avstriya şirkətlərinin Azərbaycanda həyata keçirilən müxtəlif layihələrdə iştirakının önəmi qeyd olunub, ölkələrimiz arasında iqtisadi, enerji, informasiya və kommunikasiya texnologiyaları, turizm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb, əlaqələrimizin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə olunub.


Dövlətimizin başçısı Prezident Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş edib.