Abel Məhərrəmov: "Elmin zirvələrinə gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın Azərbaycan elmində xüsusi yeri var"

9 Oktyabr 2017 12:55 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

Azərbaycanda qadınların bir çox sahələrdə irəli getdiyini deyən rektor ali məktəblərə yüksək balla qəbul olanlar arasında qızların özünəməxsus yer tutduğunu söyləyib: "Fəxrlə qeyd etmək istərdim ki, xalqımızın elm tarixində qadınların xüsusi yeri var. Zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınının XX əsrdə yetişdirdiyi bir neçə alim xanımın adını çəkmək istərdim. Akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdəndir. Aida xanım barəsində xüsusi danışmaq istərdim. Elmin zirvələrinə özünün gərgin əməyi ilə ucalan Aida İmanquliyevanın Azərbaycan elmində xüsusi yeri var. Aida İmanquliyeva nəinki Azərbaycanda, onun hüdudlarından çox-çox uzaqlarda da tanınıb".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, həyatımızın bütün sahələrinin inkişafında qadın intellektinə, qadın bacarığına həmişə ciddi ehtiyac olub: "Gündən-günə həyatımızın bütün sahələrində əldə etdiyimiz tərəqqi demokratiya və insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Azərbaycan elmində qadınların sayının ildən-ilə artması bizim daha önəmli uğurumuzdur. Və bizim, xüsusi ilə də gənclərimizin borcudur ki, bu insanları daim yad etsinlər, onların elmi irsini, zəngin təcrübələrini həvəslə öyrənsinlər, davam etdirsinlər".

H.Hüseynova bildirib ki, Azərbaycan qadını hər zamanı - həyatı, intellekti və sosial aktivliyi özündə cəmləşdirir: "Onlar yalnız xalqımızın mənəvi, mədəni ənənələrin qoruyucusu deyil, həm də bütün sənətlər və sahələrdə mühüm rol oynamaqla müstəqil respublikamızın inkişafında fəal iştirak edirlər. Bu gün Azərbaycanın elm xadimlərinin sırasında qadın alimlərimiz öz layiqli yerlərini tutublar: "Qeyd edək ki, XX əsrdə Azərbaycan xalqı elmə İzzət Orucova, Sara Aşurbəyova, Püstə Əzizbəyova, Səidə İmanzadə kimi qadın alimlər bəxş edib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik Zərifə Əliyevanın təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva, həm də ekologiyanın aktual problemləri ilə bağlı işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın - Tahirə Tahirova eyni zamanda, ictimai-siyasi fəaliyyət göstərmiş, Azərbaycan SSR xarici işlər naziri olmuşdu. Tanınmış elm və ictimai-siyasi xadimi Zəhra Quliyeva Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməklə ilkə imza atdı. Yüksək intellektual potensiala malik olan bu qadın-alimlərimizin hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə həm Azərbaycan elmində, həm də bütövlükdə, elm tarixində dərin izlər qoyublar. Bu qadınların adı elmə verdikləri töhfələrə görə dünyanın məşhur alim qadınlarının adları ilə yanaşı çəkilir. Həmin sırada tanınmış şərqşünas, professor Aida xanım İmanquliyevanın adını xüsusi qeyd etmək lazımdır. İstedadlı ərəbşünas alim bütün ömrünü elmi yaradıcılığa həsr edərək şərqşünaslığın inkişafına öz layiqli töhfələrini vermişdir. Onun tədqiqatlarında milli-mənəvi dəyərlər sistemi bəşərilik kontekstində təhlil olunur. Bu isə mədəniyyətlər və sivilizasiyalararası problemlərin oxşar və fərqli cəhətlərinin araşdırılması üçün vacib məsələlərdən biridir".

H.Hüseynova bildirib ki, Aida İmanquliyevanın araşdırmalarında ayrı-ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur: "Məhz bu baxımdan onun əsərləri Azərbaycan genderşunaslığı üçün qiymətli bir vəsaitdir. Aida xanımın elmi yaradıcılığı ilə yaxından tanış olduqda, onun Qərb-Şərq mədəniyyətlərini, ümumiyyətlə, dünyada mövcüd olan fəlsəfi, ictimai-siyasi fikir sistemlərini, ideyaları, onların mahiyyətini çox dərindən bildiyini görürük. Aida xanım həmçinin, müasir Azərbaycan elmində və cəmiyyətində özünəməxsus yer tutan Nərgiz xanım və Mehriban xanım kimi övladlar yetişdirib. Onlar vətənpərvər və xeyirxah ziyalılar kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq, ölkəmizin ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər. Xüsusilə vurğulamaq istəyirəm ki, müasir dövrdə respublikanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına bir nümunədir. Onun təşəbbüsü və dəstəyi ilə yalnız Azərbaycanda deyil, Amerikada, Avropanın bir çox ölkələrində, Müstəqil Dövlətlər Birliyi respublikalarında, müsəlman ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinin, müsiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanımın rolu danılmazdır. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Əlbəttə, bu, bizim üçün fəxrdir".

H.Hüseynova deyib ki, müasir Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır: "Bu fəallıq, malik olduğumuz tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. İnanırıq ki, Azərbaycanın alim qadınlarının fəallığı gündən-günə daha da artacaq, ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksələcək".

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, hər bir vətəndaş özünün cəmiyyətdəki yerini düzgün müəyyən etməlidir.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyası qadınların cəmiyyətdə uğur qazanması üçün bərabər imkanlar yaradır: "Qadınların uğur qazanması üçün özünə inamı olmalıdır. Bu psixoloji amil çox zaman qadınların elmə, xüsusilə texniki, mühəndislik sahəsinə gəlməsində müəyyən problemlər yaradır. Bu gün cəmiyyətdə bəzən humanitar sahə dedikdə qadınları, texniki sahə dedikdə kişi fikirləşirlər".

B.Muradova deyib ki, istedadı, bacarığı və ailə dəstəyi olan qadınlar cəmiyyətdə mütləq uğur qazanacaqlar.